Laçın 4 il əvvəl azad edildi: Bu gün şəhərdə həyat yenidən canlanır – FOTO-VİDEO

Laçın 4 il əvvəl azad edildi: Bu gün şəhərdə həyat yenidən canlanır –

Bu gün – avqustun 26-da Azərbaycanda Laçın Şəhəri Günü qeyd olunur. 2022-ci ilin bu günü Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması ilə şəhərin tarixində yeni mərhələ başlayıb.

Azmedia.Az xəbər verir ki, Laçın Şəhəri Günü Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis edilib və hər il avqustun 26-da qeyd olunur.

Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması 2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanat çərçivəsində rayonun Azərbaycana qaytarılması prosesinin davamı olub.

2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılıb. Bundan əvvəl isə noyabrın 9-da rayonun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib. Həmin gün Laçın şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb və Azərbaycan Ordusunun şəhərdə yerləşməsi barədə Ali Baş Komandan İlham Əliyevə məruzə edilib.

Laçının azad olunması Azərbaycanın hərbi və diplomatik qələbələrinin mühüm nəticələrindən biri kimi qiymətləndirilir. Şəhərin və rayonun Azərbaycan nəzarətinə qaytarılması ilə uzun illər doğma yurdlarından ayrı düşmüş insanların geri qayıdışı üçün də imkan yaranıb.

Laçında yeni həyat qurulur

İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Laçında da genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin infrastrukturu yenilənir, yaşayış məhəllələri salınır, sosial və iqtisadi obyektlər istifadəyə verilir.

Artıq yüzlərlə keçmiş məcburi köçkün ailəsi Laçın şəhərinə və rayonun kəndlərinə köçürülüb. Şəhərdə yeni yaşayış məhəllələri ilə yanaşı, müxtəlif istehsal və xidmət müəssisələrinin fəaliyyəti də təmin edilir.

Laçında Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi, tikiş və ayaqqabı fabrikləri, “Laçın” İstirahət Kompleksi“Hoçazfilm” kinostudiyası istifadəyə verilib. Bundan başqa, Laçın kanat yolunun yaradılması istiqamətində də işlər aparılır.

Laçın Azərbaycanın hava qapılarından birinə çevrilib

Laçının strateji əhəmiyyəti ilə yanaşı, regionun nəqliyyat imkanlarının genişləndirilməsi baxımından da mühüm layihələr həyata keçirilib.

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi 2025-ci il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilib.

Hava limanı Laçının və bütövlükdə Qarabağ regionunun nəqliyyat imkanlarının genişləndirilməsi, turizm və iqtisadi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Laçın təkcə işğaldan azad edilmiş şəhər kimi deyil, yenidən qurulan, insanların qayıtdığı və yeni həyatın formalaşdığı Qarabağ şəhərlərindən biri kimi Azərbaycanın müasir tarixində xüsusi yer tutur.