Larak adasında partlayışlar: ABŞ zərbəsi nəticəsində ölən və yaralananlar var
İranın cənubunda yerləşən Larak adasında bir neçə partlayış baş verib. Hadisənin ABŞ qüvvələrinin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus raket buraxılış qurğularına endirdiyi zərbələrlə bağlı olduğu bildirilir.
Azmedia.Az xəbər verir ki, “Press TV” Larak adasında silsilə partlayışların qeydə alındığını açıqlayıb.
Bundan əvvəl isə “Axios”un müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən bildirib ki, ABŞ qüvvələri Larak adasında SEPAH-a məxsus iki raket buraxılış qurğusunu hədəfə alıb.
İlkin məlumatlara görə, zərbə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
ABŞ rəsmisinin sözlərinə əsasən, SEPAH qüvvələrinin Hörmüz boğazına dəniz minaları ilə birlikdə raket buraxmağa hazırlaşdığı müşahidə edilib. Bundan sonra Larak adasındakı iki raket buraxılış qurğusuna zərbə endirilib.
İranın “Tasnim” agentliyi isə hücumun pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyini yazıb.
Hazırda hadisənin dəqiq səbəbləri və mümkün fəsadları ilə bağlı əlavə məlumat açıqlanmayıb. Hadisə ilə bağlı İran tərəfindən də rəsmi açıqlamanın verilməsi gözlənilir.
///teleqraf.az


