DİN-dən tələbələrə xəbərdarlıq: Kirayə ev elanlarında dələduzluğa diqqət edin

DİN-dən tələbələrə xəbərdarlıq:

Yeni tədris ilinin başlamasına az vaxt qaldığından tələbələrin kirayə mənzil axtarışları da intensivləşib. Daxili İşlər Nazirliyi bu vəziyyətdən istifadə edən dələduzların saxta elanlarla vətəndaşları aldatdığı barədə xəbərdarlıq edib.

Azmedia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, dələduzlar müxtəlif elan platformalarında saxta kirayə mənzil təklifləri yerləşdirərək vətəndaşları aldadırlar. Belə hallarda mənzilin münasib qiymətə təklif edildiyi bildirilir və evi “saxlamaq” adı ilə əvvəlcədən beh tələb olunur.

Pul vəsaiti göndərildikdən sonra isə dələduzla əlaqə saxlamaq mümkün olmur, telefon zənglərinə və mesajlara cavab verilmir.

DİN xüsusilə tələbələrə müraciət edərək mənzili şəxsən görmədən, elan sahibinin kimliyini və mənzil barədə məlumatları dəqiqləşdirmədən əvvəlcədən heç bir ödəniş etməməyi tövsiyə edib.

Həmçinin bazar qiymətindən xeyli aşağı məbləğə təklif olunan mənzillərlə bağlı diqqətli olmaq çağırışı edilib. “Təcili beh göndərin”, “başqa müştəri gözləyir” kimi ifadələrlə vətəndaşı qərar verməyə tələsdirən şəxslərə qarşı xüsusilə ehtiyatlı olmaq tövsiyə olunur.

DİN belə hallarla qarşılaşan vətəndaşların dərhal polisə məlumat verməsini istəyib.