Hikmət Hacıyev itkin düşmüş azərbaycanlılarla bağlı mühüm mesaj verdi- FOTO
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü münasibətilə Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı paylaşım edib.
Azmedia.Az xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, itkin düşmüş şəxslərin taleyi Azərbaycan üçün dərin humanitar və milli əhəmiyyət daşıyan məsələ olaraq qalır. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Hikmət Hacıyev qeyd edib ki, məsələ Prezident İlham Əliyevin daim diqqət və qayğısı altındadır. Dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, Dövlət Komissiyası itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarılması, aşkarlanması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və qalıqlarının uzun illər davam edən qeyri-müəyyənlikdən sonra ailələrinə qaytarılması istiqamətində sistemli fəaliyyətini davam etdirir.
Onun sözlərinə görə, şahid ifadələri yoxlanılır, ehtimal olunan dəfn yerləri araşdırılır, kütləvi məzarlıqlarda qazıntı işləri aparılır, aşkar edilən qalıqlar isə məhkəmə-tibbi və DNT müayinələrinə cəlb olunur.
“Bu günə qədər 32 kütləvi məzar tapılıb və 328 nəfər itkin DNT müayinəsi ilə müəyyən edilib”, – Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən onların dəfn yerləri barədə dəqiq və əhatəli məlumatın təqdim edilməsinin vacib olaraq qaldığını vurğulayıb.
Onun sözlərinə görə, belə əməkdaşlıq ilk növbədə humanitar öhdəlikdir və minlərlə ailənin onilliklərdir davam edən qeyri-müəyyənliyə son qoyması baxımından mühüm əhəmiyyət daşıyır.
Hikmət Hacıyev həmçinin qeyd edib ki, mürəkkəb relyef, hava şəraiti, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrə baxmayaraq, axtarış əməliyyatları mövcud resurslar və müasir texnologiyalardan istifadə edilməklə davam etdirilir.
“Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var. Hər itkin düşmüş şəxsin adı var. Hər ailə cavab almağa layiqdir”, – paylaşımda qeyd olunub.


