Azərbaycan Polşaya etiraz notası verdi – Səfir XİN-ə çağırıldı
Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb.
Azmedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı avqustun 26-da Polşanın ictimai yayım qurumu TVP-nin TVP World kanalında yayımlanan “Eastern Express” proqramında Azərbaycan əleyhinə səsləndirilən fikirlərlə bağlı etiraz bildirilib.
XİN qeyd edib ki, verilişdə Azərbaycan dövlətinə və ölkə rəhbərliyinə qarşı qərəzli, qeyri-obyektiv və qəbuledilməz iddialara yer verilib. Həmçinin proqramın aparıcısının təxribat xarakterli davranışı diqqətə çatdırılıb.
Bununla bağlı Polşa tərəfinə Azərbaycanın etiraz notası təqdim olunub.
Nazirlik tərəfindən bildirilib ki, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesinin davam etdiyi, həmçinin Azərbaycanın regionda davamlı sülh, sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində səylər göstərdiyi bir vaxtda həqiqəti təhrif edən məlumatların yayılması ciddi suallar doğurur.
Polşa hökuməti tərəfindən maliyyələşdirilən ictimai yayım orqanında Azərbaycan əleyhinə mənfi məzmunun yayımlanması iki ölkə arasında mövcud tərəfdaşlıq münasibətlərinə zidd addım kimi qiymətləndirilib.
Azərbaycan tərəfi bu cür yanaşmanın ikitərəfli münasibətlərə ciddi zərər vura biləcəyini vurğulayaraq, Polşa hökumətini Azərbaycanı hədəf alan təxribatçı kampaniyaların dayandırılması üçün təxirəsalınmaz və effektiv tədbirlər görməyə çağırıb.


