Bakı–Naxçıvan uçuşları dayandırıldı – Səbəb açıqlandı

Bakı–Naxçıvan uçuşları dayandırıldı –

Naxçıvanda müşahidə olunan əlverişsiz hava şəraiti Bakı ilə Naxçıvan arasında həyata keçirilməsi planlaşdırılan bir sıra aviareyslərin təxirə salınmasına səbəb olub.

Azmedia.Az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün üçün nəzərdə tutulan bir sıra Bakı–Naxçıvan–Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.

AZAL-dan bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrası bərpa olunacaq. Sərnişinlər reyslərlə bağlı baş verə biləcək dəyişikliklər barədə ətraflı məlumatlandırılacaqlar.

Şirkətin məlumatında qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi bölgədə müşahidə olunan meteoroloji şəraitin uçuş əməliyyatlarına birbaşa təsir göstərməsinə səbəb ola bilər.

Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi təyyarələrin eniş və qalxış mərhələlərində əlavə risklər yaradır.

AZAL vurğulayıb ki, uçuşların hava şəraitinə görə təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız hava limanında müşahidə olunan vəziyyət əsasında qəbul edilmir. Bu qərarlar marşrut boyunca, eləcə də qalxış və eniş hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait nəzərə alınmaqla verilir.

Bildirilib ki, bu cür meteoroloji hallar uçuşların təhlükəsizliyinə ciddi təsir göstərə bildiyindən, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə müvafiq qərarlar qəbul edirlər.