Bakı-Xırdalan-Sumqayıt qatarının bərpası niyə uzun çəkir? Dəmiryolu ilə bağlı yeni layihələr- Ekspert işlərin sürətləndirməsini vacib sayır

Bakı-Xırdalan-Sumqayıt qatarının bərpası niyə uzun çəkir? Dəmiryolu ilə bağlı yeni layihələr-

Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin qatarlarının hərəkətinin artıq uzun müddətdir dayandırılması sakinlərdə narazılıq doğurur. Bu qatar xəttinin bərpa prosesi niyə uzun çəkir ? Bunun səbəbləri nədir?

Məsələ ilə  bağlı Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Azmedia.Az -a açıqlamasında bildirib ki, 2025–2030-cu illər üzrə Bakı və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı Dövlət Proqramında paytaxtda dairəvi, radial və əlaqələndirici yolların tikintisi nəzərdə tutulub.

Ekspertin sözlərinə görə, bu layihələr çərçivəsində nəzərdə tutulan dairəvi yollardan biri Pirşağı istiqamətini M1 və M4 magistral yolları ilə əlaqələndirməlidir. Yolun dəmir yolu xətti ilə kəsişdiyi hissədə tunel tipli yolötürücünün inşası zəruridir.

Rauf Ağamirzəyev qeyd edib ki, ötən il sentyabrın 15-dən Bakı–Xırdalan–Sumqayıt istiqamətində Xırdalanla Sumqayıtı əlaqələndirən dəmir yolu xəttinin müəyyən hissəsində hərəkət dayandırılıb. Onun fikrincə, burada görülən işlər təkcə yolötürücü layihəsi ilə deyil, ərazidə həyata keçirilən digər infrastruktur layihələri ilə də əlaqəlidir.

Ekspert bildirib ki, Xırdalanın şimalından dəmir yolunun altından keçməklə Müşfiqabad hövzəsi layihəsinə də start verilib:

“Burada kollektor tikilir. Həm yağış sularının, həm kanalizasiya, məişət sularının yönləndirilməsi və təmizləyici qurğuya çatdırılması nəzərdə tutulur”.

Onun sözlərinə görə, layihənin ilkin olaraq 2025–2028-ci illərdə icra olunması nəzərdə tutulsa da, son məlumata əsasən, işlərin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.

Rauf Ağamirzəyev son günlər yağan intensiv yağışlar zamanı tikinti işlərinin aparıldığı ərazilərdə, o cümlədən yol yatağında su basması hallarının qeydə alındığını da diqqətə çatdırıb. Ekspert hesab edir ki, bu, ərazidə həyata keçirilən layihələrin bir-biri ilə sıx bağlı olduğunu göstərir.

“Düşünürəm ki, kollektorun tikintisinin daha sürətli icra olunması nəticəsində bu layihələrin də tamamlanması və dəmir yolu xəttində hərəkətin bərpası mümkün ola bilər”, – deyə ekspert vurğulayıb.

O qeyd edib ki, Bakı–Sumqayıt arasındakı ən qısa marşrutlardan biri olan bu dəmir yolu xəttinin bərpası mühüm əhəmiyyət daşıyır və layihələrin təxirə salınmadan, sürətlə həyata keçirilməsi vacibdir.

Ekspertin sözlərinə görə, digər mühüm məsələ Abşeron dairəvi dəmir yolu hərəkətinin tam təmin olunmasıdır. Hazırda dairəvi hərəkət iki yarımdairə formasında həyata keçirilir və Dövlət Proqramında bu sistemin 2030-cu ilədək tamamlanması nəzərdə tutulur.

Rauf Ağamirzəyev hesab edir ki, bu layihənin də sürətləndirilməsi mümkündür. Onun fikrincə, Keşlə–Böyükşor istiqamətində təxminən 2 kilometrlik dəmir yolu xəttinin tikilməsi Abşeron dairəvi hərəkətinin tam təmin olunmasına imkan verə bilər.

Ekspert həmçinin Dərnəgül ilə Koroğlu istiqamətlərinin də dəmir yolu üzərindən əlaqələndirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, belə bir bağlantı şimal istiqamətindən, xüsusilə Sumqayıtdan gələn sərnişinlərin şəhərin şərq istiqamətinə hərəkəti zamanı 20 Yanvar və 28 May stansiyalarından yan keçərək birbaşa gediş-gəlişini təmin edə bilər.

“Bu, həm yerüstü, həm də yeraltı nəqliyyatda sərnişin axınının parçalanmasına və yükün daha düzgün bölüşdürülməsinə imkan verər”, – deyə Rauf Ağamirzəyev əlavə edib.

Beləliklə, Bakı–Sumqayıt dəmir yolu xəttinin bərpası, tunel tipli yol ötürücünün və Müşfiqabad hövzəsi kollektorunun tikintisinin sürətləndirilməsi, eləcə də Abşeron dairəvi dəmir yolu layihəsinin vaxtında tamamlanması Bakı və ətraf ərazilərin nəqliyyat sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Əli Şəyəldiyev

Azmedia.Az