MEDİA xəbərdarlıq etdi: Bu saytın fəaliyyəti qanunsuzdur
Azərbaycanın Medianın İnkişafı Agentliyi ölkə ərazisində fəaliyyət göstərən və özünü müxtəlif icmaların maraqlarını təmsil edən media subyekti kimi təqdim edən informasiya resursları ilə bağlı açıqlama yayıb.
Azmedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, Azərbaycanda media fəaliyyəti həyata keçirən bütün media subyektləri “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməli və qanunvericiliklə müəyyən edilmiş qaydada “Media Reyestri” İnformasiya Sistemində mövcud olmalıdırlar.
MEDİA-nın məlumatına görə, özünü Azərbaycan Yəhudi Media Mərkəzinin və yəhudi əsilli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış informasiya portalı kimi təqdim edən “Ajmedia.news” veb-saytı “Media Reyestri” İnformasiya Sistemində mövcud deyil.
Bəyanatda həmçinin vurğulanıb ki, həmin resursun yayımladığı materiallarda media etikası tələblərinə riayət olunmur.
“Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar müvafiq resurs barəsində məhkəmə tərəfindən aidiyyəti qərar qəbul edilmiş və onun fəaliyyəti qanunsuz hesab edilmişdir”, – deyə bəyanatda bildirilib.
MEDİA bir daha diqqətə çatdırıb ki, bütün media subyektləri, o cümlədən hər hansı icmanın və ya sosial qrupun adından çıxış edən və media fəaliyyəti həyata keçirən subyektlər qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidirlər.
Agentlik media subyektlərinin öz hüquqi və peşəkar statusu, fəaliyyət istiqaməti və təmsilçilik xarakteri barədə ictimaiyyətə düzgün, obyektiv və şəffaf məlumat təqdim etməsinin vacibliyini vurğulayıb.


