Türkiyə bu gün Böyük Zəfərinin 104-cü ildönümünü qeyd edir
Bu gün Türkiyədə ölkənin milli bayramlarından biri olan 30 Avqust Zəfər Bayramı qeyd olunur. Bayram 1922-ci il avqustun 30-da Dumlupınarda qazanılan Başkomandanlıq Meydan Müharibəsinin ildönümü münasibətilə keçirilir.
Azmedia.Az xəbər verir ki, 30 Avqust Zəfər Bayramı Türkiyə tarixində Milli Mübarizənin həlledici mərhələlərindən birinin simvolu hesab olunur.
1922-ci il avqustun 26-da başlayan Böyük Taarruzun son mərhələsi avqustun 30-da Dumlupınarda Başkomandanlıq Meydan Müharibəsi ilə nəticələnib. Döyüş Türkiyə ordusunun qəti qələbəsi ilə başa çatıb.
Böyük Taarruz və Başkomandanlıq Meydan Müharibəsi Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan Milli Mübarizənin son və həlledici mərhələsi olub. Rəsmi tarixi mənbələrə görə, 30 avqust 1922-ci ildə Dumlupınarda əldə edilən qələbə Anadolu ərazisindəki müharibənin gedişatını köklü şəkildə dəyişib.
Qələbədən sonra türk ordusunun təqib əməliyyatı davam etdirilib. Sentyabrın 9-da Türk ordusu İzmirə daxil olub. Sonrakı proseslər Mudanya atəşkəsi və Lozanna Sülh Müqaviləsi ilə nəticələnib.
30 Avqust Zəfər Bayramı ilk dəfə 1924-cü ildə qeyd olunub, 1926-cı ildən isə Türkiyədə rəsmi olaraq “Zafer Bayramı” adı ilə milli bayram kimi qeyd edilir.
Bu il 30 Avqust Zəfər Bayramının 104-cü ildönümüdür. Türkiyənin müxtəlif şəhərlərində və ölkənin xaricdəki diplomatik nümayəndəliklərində bayramla bağlı tədbirlər keçirilir.
Azmedia.Az olaraq Türkiyə xalqını 30 Avqust Zəfər Bayramı münasibətilə təbrik edir, bu tarixi günün iki qardaş ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verməsini arzulayırıq.


