İlham Əliyev Özbəkistanın müstəqillik yubileyi münasibətilə Şavkat Mirziyoyevə təbrik göndərib

İlham Əliyev Özbəkistanın müstəqillik yubileyi münasibətilə Şavkat Mirziyoyevə təbrik göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə həmkarı, Prezident Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

Azmedia.Az xəbər verir ki, dövlət başçısı təbrikində əlamətdar yubiley münasibətilə Şavkat Mirziyoyevi və onun simasında qardaş Özbəkistan xalqını öz adından və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb.

İlham Əliyev qeyd edib ki, Özbəkistan müstəqilliyini əldə etdikdən sonrakı 35 il ərzində hərtərəfli və dinamik inkişaf yolu keçib, müxtəlif istiqamətlər üzrə mühüm nailiyyətlər əldə edib, həm beynəlxalq müstəvidə, həm də regionda nüfuzunu və mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib.

Azərbaycan Prezidenti vurğulayıb ki, Şavkat Mirziyoyevin müdrik rəhbərliyi və strateji yanaşması nəticəsində Özbəkistanda bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar və quruculuq layihələri uğurla reallaşdırılıb, ölkənin iqtisadi inkişafı təmin edilib, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə olunub.

Dövlət başçısının sözlərinə görə, Özbəkistanın qarşısına qoyduğu məqsəd və hədəflərə nail olmasının, eləcə də qazandığı uğurların əsasını Prezident Şavkat Mirziyoyevin yorulmaz fəaliyyəti və qətiyyətli dövlət siyasəti, həmçinin bu siyasətə özbək xalqının göstərdiyi böyük etimad və dəstək təşkil edir.

İlham Əliyev Azərbaycan və Özbəkistanın qardaş və müttəfiq ölkələr olduğunu bildirərək, Özbəkistanın əldə etdiyi hər bir uğurun Azərbaycanda da böyük məmnunluqla qarşılandığını və iki ölkənin bu nailiyyətləri qarşılıqlı şəkildə öz uğuru hesab etdiyini qeyd edib.

Prezident məktubunda Özbəkistana etdiyi səfərlərin hər birində ölkənin əldə etdiyi mühüm nailiyyətlərin canlı şahidi olduğunu diqqətə çatdırıb. O, yaxın zamanda qardaş ölkəyə həyata keçirdiyi dövlət səfərini və Şavkat Mirziyoyevlə keçirdiyi görüşü də xüsusi xoş təəssüratlarla xatırladığını bildirib.

Azərbaycan dövlət başçısı iki ölkə arasındakı münasibətlərin ortaq tarixi və mədəni dəyərlər, möhkəm dostluq və qardaşlıq prinsipləri üzərində formalaşdığını vurğulayıb. Bildirib ki, Azərbaycan-Özbəkistan əlaqələri hazırda özünün ən yüksək inkişaf mərhələlərindən birini yaşayır.

İlham Əliyev Azərbaycan üçün Özbəkistanla ikitərəfli münasibətlərin gələcəkdə də bütün istiqamətlər üzrə inkişaf etdirilməsi və daha da dərinləşdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib.

Prezident iki ölkənin birgə səyləri nəticəsində dövlətlərarası münasibətlərin və müttəfiqliyin gündən-günə daha da möhkəmləndiyini, Azərbaycan və Özbəkistan arasında çoxşaxəli əməkdaşlığın isə yeni praktiki məzmunla zənginləşdiyini vurğulayıb.

Dövlət başçısı əminliyini ifadə edib ki, Azərbaycan-Özbəkistan birliyinin qorunub saxlanılması, hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin daim gücləndirilməsi istiqamətində qarşıya qoyulan şərəfli vəzifələr bundan sonra da birgə səylərlə uğurla həyata keçiriləcək.

İlham Əliyev məktubunda Şavkat Miromonoviç Mirziyoyevə müraciətlə bildirib ki, Özbəkistanın müstəqilliyinin 35-ci ildönümü kimi tarixi gündə onun və qardaş Özbəkistan xalqının sevincinə Azərbaycan xalqı da qoşulur.

Azərbaycan Prezidenti Şavkat Mirziyoyevə möhkəm cansağlığı, şəxsi həyatında xoşbəxtlik və ali dövlət fəaliyyətində yeni uğurlar arzulayıb. Özbəkistan Respublikasına isə daim rifah, firavanlıq və davamlı yüksəliş diləyib.