Azərbaycan həqiqətlərini dünyaya çatdıran Çingiz Mustafayevin doğum günüdür

Azərbaycan həqiqətlərini dünyaya çatdıran Çingiz Mustafayevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, tanınmış telereportyor Çingiz Mustafayevin doğum günüdür.

Azmedia.Az xəbər verir ki, Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində dünyaya gəlib.

O, 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu başa vurub. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzünün başlamasından sonra isə peşə fəaliyyətini jurnalistika istiqamətində davam etdirib.

Çingiz Mustafayev 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışıb. Cəbhə bölgələrindən hazırladığı materiallarla yanaşı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına da mühüm töhfə verib.

Onun hazırladığı reportajlar ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziya kanallarında yayımlanaraq informasiya blokadasında olan Azərbaycanla bağlı gerçəklərin dünya ictimaiyyətinə çatmasına imkan yaradıb.

Dövlət televiziyasında mövcud olan senzura şəraiti Çingiz Mustafayevi 215 KL studiyasını yaratmağa sövq edib. Cəbhədən hazırlanan reportajlar studiyanın fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilib və 215 KL tamaşaçılar tərəfindən əsasən müharibə xəbərlərini çatdıran telequrum kimi tanınıb.

Çingiz Mustafayevin çəkdiyi materiallar arasında Xocalı faciəsini əks etdirən görüntülər xüsusi əhəmiyyət daşıyır. Həmin kadrlar onun adının Azərbaycanla yanaşı, beynəlxalq informasiya məkanında da tanınmasına səbəb olub.

Milli Qəhrəman 1992-ci il iyunun 15-də Ağdam rayonunun Naxçıvanik kəndində çəkiliş apararkən mərmi qəlpəsi nəticəsində həlak olub.

Çingiz Mustafayev 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanıdır.