Sərhəddən keçid 20 saniyəyə başa çatacaq – yeni sistem işə düşdü
Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişinlərin sərhəd nəzarətindən daha sürətli keçməsinə imkan verən yeni texnoloji sistem tətbiq olunub.
Azmedia.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Məlumat Mərkəzinin yaydığı məlumata görə, hava limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib.
Avtomatlaşdırılmış pasport nəzarəti və biometrik identifikasiya sistemindən Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşları istifadə edə biləcəklər.
Sistem vasitəsilə sərnişin şəxsiyyət sənədini xüsusi oxutma qurğusuna təqdim edir. Sənəddəki məlumatlar avtomatik oxunduqdan sonra aidiyyəti informasiya sistemləri üzrə yoxlamalar aparılır və biometrik məlumatlar əsasında şəxsin eyniliyi müəyyənləşdirilir.
Məlumatların uyğunluğu təsdiqləndikdə elektron qapı avtomatik açılır və sərnişin sərhəd nəzarətindən keçir. Prosesin təxminən 20 saniyə ərzində tamamlanması nəzərdə tutulur.
Yeni sistemin tətbiqi sərhəd nəzarətində gözləmə müddətinin azaldılmasına, prosedurların daha çevik və səmərəli həyata keçirilməsinə, həmçinin insan amilinin minimuma endirilməsinə imkan verəcək.
Hazırda elektron qapı sistemi hava limanının ölkəyə gəlmə zalında fəaliyyət göstərir.
Növbəti mərhələdə sistemin digər dövlət sərhədindən buraxılış məntəqələrində də tətbiqi planlaşdırılır. Hazırda onun imkanlarının genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
DSX bildirir ki, layihənin əsas məqsədlərindən biri sərnişinlərin məmnuniyyətinin artırılması və sərhəd nəzarətində rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsidir.


