Leyla və Arzu Əliyeva Bakıda klassik avtomobillərin sərgisi və yürüşündə iştirak ediblər- FOTO
Bakıda Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi və yürüşü keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
Azmedia.Az xəbər verir ki, tədbirdə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, digər tanınmış şəxslər və şəhər sakinləri iştirak ediblər.
Klassik avtomobillərin sərgisi və yürüşünün Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb.
Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil sərgilənib.
Sərgidə tədbir üçün əvvəlcədən qeydiyyatdan keçmiş klassik avtomobillərlə yanaşı, Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatları da nümayiş etdirilib.
Müxtəlif dövrlərə aid avtomobillərin yer aldığı sərgidə uzun illər ərzində qorunub saxlanılan və sahibləri üçün xüsusi xatirə dəyəri daşıyan nəqliyyat vasitələri də təqdim olunub.
Daha sonra “Marina Bay”də keçirilən sərgidə yürüşdə iştirak edən avtomobil sahibləri arasından müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşdirilərək mükafatlandırılıb.
Qaliblər “Sərginin veteranı”, “Qızıl standart”, “Canlı əfsanə”, “Nadir incilər”, “Dövrün stil ikonası”, “Dövrün ruhu”, “Vintaj zərifliyi”, “Ənənələrin qoruyucusu”, “Yarış əfsanəsi”, “Dəmir aristokrat”, “Zəhmətkeş əfsanə”, “Xalqın sevimlisi”, “Dövrün səsi” və “Zaman kapsulu” nominasiyaları üzrə müəyyənləşdirilib.
Tədbir çərçivəsində qonaqlar üçün musiqi proqramı da təqdim olunub.


