Cem Yılmazdan səhhəti ilə bağlı açıqlama: “Daha ciddi ola bilərdi”
Türkiyəli aktyor və komediya ustası Cem Yılmaz səhhətində yaranan narahatlıq səbəbilə xəstəxanaya müraciət etməsi ilə bağlı yeni açıqlama verib.
Azmedia.Az xəbər verir ki, sənətçi sosial media hesabındakı paylaşımında hazırda özünü yaxşı hiss etdiyini və onunla maraqlanan hər kəsə təşəkkür etdiyini bildirib.
Yılmazın sözlərinə görə, “GORA” filminin çəkilişləri başa çatdıqdan sonra bədənində yorğunluq və ağrılar yaranıb. O qeyd edib ki, intensiv çəkiliş prosesi davam etdiyi müddətdə bu yorğunluğu ciddi şəkildə hiss etməyib.
Aktyor dünən isə sinə və kürək nahiyəsində şiddətli ağrılar yaşadığını bildirib. Bu səbəbdən xəstəxanaya müraciət edən Yılmaz vaxtında tibbi yardım almağın vacib olduğunu vurğulayıb.
Cem Yılmaz bildirib ki, həmin vəziyyətdə xəstəxanaya getmək əvəzinə evdə qalaraq dincəlməyi seçsəydi, nəticə daha ciddi ola bilərdi.
Sənətçi ona zəng edən, mesaj göndərən və xəstəxanada baş çəkən şəxslərə minnətdarlığını ifadə edib. O, Türkiyənin səhiyyə naziri tərəfindən də “keçmiş olsun” mesajı aldığını açıqlayıb.
Həkimlərin tövsiyəsinə də toxunan Yılmaz bundan sonra stressdən uzaq durmalı olduğunu qeyd edib və paylaşımını hər kəsə sağlamlıq arzulamaqla yekunlaşdırıb.


