Hava ilə bağlı XƏBƏRDARLIQ: Bu tarixlərdə yağış və leysan olacaq
Azərbaycanda avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə leysan, şimşək və dolu ehtimalı var.
Azmedia.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək yağışlı hava şəraiti müşahidə olunacaq. Yağıntıların bəzi vaxtlarda leysan xarakterli olacağı, ayrı-ayrı ərazilərdə şimşək çaxacağı gözlənilir.
Xüsusilə avqustun 31-i axşam saatlarında yağışın intensivləşəcəyi və qısamüddətli güclü xarakter alacağı ehtimal edilir.
Ölkənin rayonlarında da qeyri-sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi bildirilir. Bəzi ərazilərdə fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli və intensiv leysan xarakterli olacağı proqnozlaşdırılır.
Bununla yanaşı, bəzi rayonlarda şimşək çaxması və dolu düşməsi ehtimalı da var.
Gözlənilən yağıntılar çaylarda sululuğun artmasına səbəb ola bilər. Milli Hidrometeorologiya Xidməti bəzi dağ çaylarından qısamüddətli sel keçməsinin mümkünlüyünü də istisna etmir.


