Mingəçevirdə sahibsiz itlərlə bağlı narahatlıq artır: 2 ayda 100-dən çox hücum qeydə alınıb- FOTO
Mingəçevirdə sahibsiz itlərin yaratdığı təhlükə sakinlərin narahatlığını artırıb. Son iki ay ərzində şəhərdə 100-dən çox sakinin sahibsiz itlərin hücumuna məruz qaldığı bildirilir.
Azmedia.Az xəbər verir ki, sonuncu belə hadisə dünən Koroğlu küçəsində baş verib. 1962-ci il təvəllüdlü Gülzadə Mikayılovaya sahibsiz it hücum edərək ayağından dişləyib.
Yaralı qadına xəstəxanada tibbi yardım göstərilib və ona quduzluq əleyhinə vaksin vurulub.
Sakinlərin sözlərinə görə, Koroğlu küçəsi, 21 saylı binanın həyətində son üç həftə ərzində daha iki oxşar hadisə baş verib. Bildirilib ki, həmin ərazidə bir qadın və azyaşlı sahibsiz itlərin hücumuna məruz qalaraq xəsarət alıb.
Oxşar halların şəhərin digər ərazilərində də qeydə alındığı bildirilir.
Şəhər sakinləri Xəqani Allahverdiyev və Fatma Aslanova sahibsiz itlərin yaşlılara, gənclərə və uşaqlara hücum etdiyini bildiriblər. Sakinlərin sözlərinə görə, xüsusilə uşaqları küçəyə tək buraxmaq təhlükəli vəziyyət yaradır. Yeni tədris ilinin başlaması ilə əlaqədar narahatlığın daha da artdığı qeyd olunur.
Məsələ ilə bağlı sahibsiz itlərin yığışdırılmasına məsul qurumlara müraciət edilib.
Şəhər Mənzil Təsərrüfatı Kombinatı və Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən bildirilib ki, həftə ərzində ən azı 4-5, bəzi hallarda isə daha çox sahibsiz it təlimata uyğun şəkildə küçələrdən yığışdırılaraq şəhər kənarında yerləşən müvəqqəti sığınacağa aparılır.
Qurumdan işlərin bundan sonra da intensiv şəkildə davam etdiriləcəyi bildirilib.
Qurum nümayəndələri sakinlər arasında məsələyə münasibətdə iki fərqli yanaşmanın olduğunu da diqqətə çatdırıblar. Bildirilib ki, sakinlərin bir hissəsi sahibsiz itlərin küçələrdən yığışdırılaraq təhlükənin aradan qaldırılmasını tələb edir.
Digər qrup isə itlərin tutulması zamanı əməkdaşların görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşır və heyvanlara qarşı kobud davranıldığını iddia edir.
Qurumdan, həmçinin bildirilib ki, sahibsiz itlərin küçələrə atılması qadağandır. İtlərin tutulması zamanı müəyyən edilmiş qaydalara uyğun davranmayan əməkdaşların da məsuliyyətə cəlb olunduğu qeyd edilib.
Ehtiram Muradov
Azmedia.Az


