Prezidentdən maaş əlavələri və mükafatlarla bağlı FƏRMAN – yeni tarix müəyyənləşdirildi
Büdcədənkənar vəsaitlər hesabına ödənilən vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlərlə bağlı yeni qərar verilib.
Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmana dəyişiklik edilməsi barədə sənəd imzalayıb.
Dəyişikliyə əsasən, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiqinə başlanılacaq tarix dəyişdirilib.
Belə ki, həmin yuxarı hədlər sentyabrın 1-dən deyil, oktyabrın 10-dan tətbiq olunacaq.
Müəyyən edilən yuxarı hədlərə əsasən, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavənin məbləği təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1 mislinədək ola bilər.
Mükafat və digər ödənişlər isə təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizini keçməməlidir.
Beləliklə, Prezidentin imzaladığı Fərmanla sözügedən ödənişlər üzrə müəyyən edilmiş yuxarı hədlərin qüvvəyə minmə tarixi oktyabrın 10-na keçirilib.


