Pulsuz VPN şəxsi məlumatlarınızı təhlükəyə ata bilər: Ekspertdən vacib xəbərdarlıq

Pulsuz VPN şəxsi məlumatlarınızı təhlükəyə ata bilər:

Son günlər Instagram və TikTok platformalarında yaranan problemlər səbəbindən VPN xidmətlərindən istifadə edənlərin sayı artır. Lakin bu texnologiyadan yararlanarkən şəxsi məlumatların, şifrələrin və bank kartı məlumatlarının təhlükə altına düşməsi mümkündür.  

Azmedia.Az xəbər verir ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev AZXEBER.COM-a açıqlamasında bildirib ki, VPN istifadəsi zamanı hansı məlumatların təhlükə altına düşməsi seçilən xidmətin növündən — pulsuz və ya ödənişli olmasından, eləcə də internet trafikinin necə idarə edilməsindən asılıdır.

Ekspertin sözlərinə görə, VPN (Virtual Private Network) internet bağlantısını şifrələyən və istifadəçinin IP ünvanını gizlədən texnologiyadır. Bununla belə, VPN-dən istifadə edilməsi bütün təhlükəsizlik risklərinin aradan qalxması anlamına gəlmir.

F.Musayev qeyd edib ki, xüsusilə etibarsız və ya pulsuz VPN xidmətlərindən istifadə zamanı provayder istifadəçinin bütün internet trafikini görə bilər. Bu isə müxtəlif şəxsi məlumatların oğurlanması riskini yaradır.

Belə məlumatlara ilk növbədə brauzer tarixçəsi və istifadəçinin daxil olduğu saytlar aiddir. Başqa sözlə, hansı internet səhifələrinə baxıldığı, hansı məhsulların axtarıldığı və istifadəçinin həmin saytlarda nə qədər vaxt keçirdiyi barədə məlumatlar risk altında ola bilər.

İnternet vasitəsilə ötürülən məlumatlar da təhlükə ilə üzləşə bilər. Ekspert bildirib ki, istifadəçinin daxil olduğu sayt şifrələnmiş bağlantıdan istifadə etmədikdə, VPN provayderi onun şifrələrini, mesajlarını və şəxsi məlumatlarını oxuya bilər.

Bu baxımdan saytın ünvanının “https://” ilə başlamasına diqqət yetirilməlidir. VPN internet trafiki üçün şifrələnmiş tunel yaratsa da, saytın özündə HTTPS şifrələməsi olmadıqda məlumatlar VPN tunelindən çıxdığı anda açıq vəziyyətdə qala bilər.

Ekspertin açıqlamasında istifadəçinin cihazına aid məlumatların da risk altında olduğu vurğulanıb. Bunlara cihazın növü, əməliyyat sistemi və IP ünvanı daxildir.

F.Musayev giriş məlumatlarının təhlükəsizliyi məsələsinə də toxunub. Onun sözlərinə görə, saytlara daxil olarkən yazılan istifadəçi adları və şifrələr də lazımi qorunma olmadıqda oğurlana bilər.

Bank və kart məlumatları da təhlükə ilə üzləşə bilər

Ekspert bank və ödəniş kartlarına aid məlumatların təhlükəsizliyinə də diqqət çəkib.

O bildirib ki, saytın təhlükəsizlik protokolu zəif olduqda bank hesablarına və kartlara aid məlumatların ələ keçirilməsi riski yarana bilər. Buna görə də istifadəçilər internetdə maliyyə əməliyyatları apararkən bağlantının təhlükəsizliyinə xüsusi diqqət yetirməlidirlər.

DNS sızmaları hansı təhlükələri yaradır?

Fərid Musayev VPN istifadəçilərinin qarşılaşa biləcəyi digər problemlərdən birinin DNS sızmaları olduğunu bildirib.

Ekspertin sözlərinə görə, bəzən VPN bağlantısı aktiv olsa belə, cihazın DNS sorğuları VPN serveri vasitəsilə deyil, birbaşa internet provayderi (ISP) üzərindən göndərilə bilər.

Məsələn, istifadəçi “google.com” saytına daxil olmaq istədikdə cihaz müvafiq sorğu göndərir. Bu sorğu VPN tunelindən kənar ötürülərsə, istifadəçinin maraq dairəsi və hansı saytları axtardığı barədə məlumatları internet provayderi və ya kənar şəxslər görə bilər.

Beləliklə, VPN aktiv olsa da, DNS sızması istifadəçinin internetdəki fəaliyyətinin müəyyən hissəsinin başqalarına görünməsi ilə nəticələnə bilər.

Pulsuz VPN xidmətləri şəxsi məlumatları toplaya bilər

Ekspert şəxsi profil məlumatlarına və meta-məlumatlara da diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

F.Musayev bildirib ki, bir çox pulsuz VPN xidməti “məlumatlarla ödəniş” prinsipi əsasında fəaliyyət göstərir. Başqa sözlə, istifadəçidən birbaşa ödəniş alınmasa da, onun məlumatları toplana və reklam şirkətlərinə satıla bilər.

Ekspertin qeyd etdiyi risklərə istifadəçinin haradan internetə qoşulduğunu göstərən lokasiya məlumatları da daxildir. Bundan başqa, onlayn alış-veriş vərdişləri, eləcə də ziyarət edilən saytlara əsasən müəyyən edilə bilən siyasi və ya dini maraqlar barədə məlumatlar da təhlükə altına düşə bilər.

Bu səbəbdən VPN xidmətinin pulsuz olması onun mütləq təhlükəsiz olduğu anlamına gəlmir. İstifadəçilərin şəxsi məlumatlarının necə toplandığına, saxlanıldığına və istifadə edildiyinə diqqət yetirməsi vacibdir.

VPN seçərkən hansı qaydalara əməl edilməlidir?

Fərid Musayev VPN xidmətindən istifadə edənlərə seçim zamanı etibarlı provayderlərə üstünlük verməyi tövsiyə edib. Ekspert təhlükəsizlik risklərini azaltmaq üçün bir sıra məqamlara diqqət yetirməyin vacibliyini bildirib.

Onun tövsiyələri aşağıdakılardır:

1. “No-Logs” siyasəti olan VPN xidmətlərini seçin.

Ekspert istifadəçilərə “No-Logs”, yəni istifadəçinin internet fəaliyyətinə dair qeydləri saxlamamaq siyasəti olan VPN xidmətlərinə üstünlük verməyi məsləhət görüb. Bu siyasət provayderin istifadəçinin fəaliyyətini qeydə almayacağı ilə bağlı öhdəliyini ifadə edir. Həmin vədin müstəqil audit vasitəsilə yoxlanılması isə onun etibarlılığının qiymətləndirilməsinə kömək edir.

2. Pulsuz VPN xidmətlərindən uzaq durun.

F.Musayev pulsuz VPN-lərdən istifadə zamanı ehtiyatlı olmağı tövsiyə edib. Ekspert bu barədə “Əgər məhsul pulsuzdursa, məhsul sizsiniz” prinsipini xatırladaraq, bəzi xidmətlərin istifadəçilərin məlumatlarını toplamaqla gəlir əldə edə biləcəyinə diqqət çəkib.

3. HTTPS bağlantısına diqqət yetirin.

İstifadəçilər saytlara daxil olarkən ünvan sətrində “https://” işarəsinin və kilid simvolunun olub-olmadığını yoxlamalıdırlar. Bu, bağlantının şifrələnməsi baxımından əhəmiyyətlidir.

4. DNS sızmasının olub-olmadığını yoxlayın.

Ekspert VPN-ə qoşulduqdan sonra DNS sızmalarını yoxlamağı da tövsiyə edib. Bunun üçün dnsleaktest.com kimi saytlardan istifadə etmək mümkündür. Belə yoxlama DNS sorğularının VPN bağlantısından kənara çıxıb-çıxmadığını müəyyənləşdirməyə kömək edə bilər.

F.Musayev yekunda vurğulayıb ki, VPN istifadəçinin məlumatlarını internet provayderindən (ISP) gizlətməyə kömək etsə də, xidmətin özü yeni bir məlumat toplayıcısına çevrilə bilər. Buna görə də VPN seçərkən etibarlı provayderlərə üstünlük vermək vacibdir.

///Azxeber.com