Azərbaycan Ordusunda gənc əsgərlər and içdi FOTO-VİDEO

Azərbaycan Ordusunda gənc əsgərlər and içdi

Azərbaycan Ordusunda yeni çağırışçıların hərbi andiçmə mərasimləri keçirilib.

Azmedia.Az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, tədbirlər Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiqlədiyi 2026-cı il hazırlıq planına uyğun olaraq avqustun 16-da baş tutub.

Hərbi orkestrlərin müşayiəti ilə Döyüş bayraqları sıra meydanlarına gətirildikdən sonra mərasimlər açıq elan olunub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təntənəli mərasimdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək əsgərləri təbrik edib, onlara hərbi anda və Vətənə sadiq qalmağı, nümunəvi xidmət göstərməyi, silah və hərbi texnikanın sirlərini dərindən öyrənməyi, döyüş hazırlığını daim yüksəltməyi və komandirlərin əmr və göstərişlərini vaxtında yerinə yetirməyi tövsiyə ediblər.

Bildirilib ki, hərbi qulluqçular torpaqlarımızın müdafiəsinə hər an hazır olmalıdırlar.

Andiçmə mərasimləri əsgərlərin təntənəli marşlarla tribunaların önündən keçidi ilə başa çatıb. Sonda hərbi hissələrdə vətənpərvərlik ruhunda mədəni-kütləvi tədbirlər keçirilib.