“Barselona” UEFA-nın “Negreyra işi” ilə bağlı açıqlamasına münasibət bildirdi
“Barselona” UEFA-nın “Negreyra işi” ilə bağlı yeni araşdırma başlatmadığını açıqlayıb. Kataloniya klubu bildirib ki, proses 2023-cü ildə başlayıb və indiyədək bağlanmayıb.
Azmedia.Az xəbər verir ki, “Barselona” UEFA-nın “Negreyra işi” ilə bağlı son açıqlamasından sonra məsələyə dair rəsmi mövqeyini açıqlayıb.
Klub UEFA-nın “Barselona”ya qarşı yeni araşdırma və ya prosedur başlatmadığını bildirib. Qeyd olunub ki, proses 2023-cü ildə iki müstəntiqin təyin olunması ilə başlayıb və həmin vaxtdan etibarən araşdırma çərçivəsində müvafiq tədbirlər həyata keçirilib.
“Barselona” bütün bu müddət ərzində müstəntiqlərin tələblərinə əməl etdiyini vurğulayıb. Klubun açıqlamasına görə, prosedur yenidən açılmayıb, çünki heç vaxt bağlanmayıb.
Kataloniya təmsilçisi UEFA-nın açıqlamasında “Real Madrid” tərəfindən təqdim olunan sənədlərin qəbul edilməsinin təsdiqləndiyini və həmin materialların mövcud araşdırma çərçivəsində qiymətləndiriləcəyinin bildirildiyini qeyd edib.
“Barselona”nın sözlərinə görə, UEFA-nın açıqlamasında iki dəfə araşdırma və baxış prosesinin davam etdiyi vurğulanır. Buna görə də həmin açıqlama hər hansı yeni prosedurun açılması, əvvəlki prosesin yenidən başladılması və ya yenidən aktivləşdirilməsi barədə məlumat vermir. Eyni zamanda, təqdim olunan sənədlərin məzmunu və ya onların hüquqi əhəmiyyəti ilə bağlı UEFA tərəfindən hər hansı qiymətləndirmə də açıqlanmayıb.
Klub əlavə edib ki, Real Madrid tərəfindən təqdim olunan sənədlərlə bağlı bundan sonra hansı addımların atılacağına müstəntiqlər qərar verəcəklər.
“Barselona” bildirib ki, bu günə qədər UEFA tərəfindən kluba yeni sorğu göndərilməyib və Real Madridin şikayəti də kluba təqdim olunmayıb. Belə bir müraciət daxil olacağı təqdirdə klub buna əvvəlki kimi cavab verəcəyini açıqlayıb.
Kataloniya klubu həmçinin qeyd edib ki, qüvvədə olan qanunvericiliyə əsasən, UEFA-dakı bu prosedur İspaniyada hazırda davam edən cinayət işinin nəticəsindən asılıdır və belə də qalacaq.
“Barselona” araşdırmanın başlanmasından etibarən UEFA lisenziyasını heç bir etiraz olmadan almağa davam etdiyini və UEFA yarışlarında iştirak etdiyini də vurğulayıb.
Klub açıqlamasının sonunda səlahiyyətli qurumlarla tam əməkdaşlığını davam etdirəcəyini bildirib və məsələ ilə bağlı xəbərlərin hazırlanmasında dəqiqlik və obyektivliyə çağırış edib.
UEFA-nın açıqlamasında nə deyilir?
UEFA “Real Madrid”dən “Barselona” ilə bağlı davam edən “Negreyra işi” araşdırmasına dair əhəmiyyətli həcmdə sənədlər aldığını təsdiqləyib.
Qurumun məlumatına görə, həmin sənədlər UEFA-nın Etika və İntizam müfəttişlərinə də təqdim olunub və onlar materialları davam edən araşdırma çərçivəsində qiymətləndirəcəklər.
Burada vacib məqam budur: UEFA-nın rəsmi açıqlamasında “iş yenidən açılıb” deyilmir. “Barselona” da məhz bu məqama diqqət çəkərək prosesin 2023-cü ildən davam etdiyini bildirir.


