Bu şəxslər dövlət qulluğuna müsabiqəsiz qəbul edilə bilərlər
Xaricdə dövlət proqramı çərçivəsində təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu ilə bağlı yeni qaydanın tətbiqi təklif olunur.
Azmedia.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxs müsabiqədə iştirak etmədən bir dəfə dövlət qulluğu vəzifəsinə təyin edilə bilər.
Sənəddə qeyd olunur ki, bunun üçün həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət etməli və tələb olunan sənədləri təqdim etməlidir.
Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur.
Dövlət orqanının rəhbəri həmin şəxsi vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.
Həmin şəxsin stajorluq və sınaq müddəti ərzində qulluq keçməsi, eləcə də daimi əsaslarla inzibati vəzifəyə təyin edilməsi ilə bağlı məsələlər yeni Dövlət Qulluğu Məcəlləsinin 29-cu maddəsi — vakant vəzifəyə təyin edilmə ilə tənzimlənir.
Layihədə yardımçı vəzifələrin tutulması ilə bağlı da müddəa nəzərdə tutulub. Buna əsasən, yardımçı vəzifələrin tutulması müvafiq dövlət orqanı rəhbərinin qərarı əsasında birbaşa təyinat və ya qulluqda yüksəliş yolu ilə həyata keçiriləcək.
Qeyd edək ki, söhbət hazırda qüvvədə olan yekun qaydadan deyil, yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində təklif olunan müddəadan gedir. Layihə Milli Məclisdə müzakirə mərhələsindədir.


