Bakıda böyük investisiya forumu başladı – mühüm sənədlər imzalanacaq
Bakıda Prezident İlham Əliyevin himayəsi altında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu öz işinə başlayıb.
Azmedia.Az xəbər verir ki, bu gün Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən beynəlxalq tədbir dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, həmçinin biznes liderlərini bir araya gətirib.
İki gün davam edəcək Forum İqtisadiyyat Nazirliyi ilə “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı çərçivəsində təşkil olunur. Tədbirin builki əsas mövzusu “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” müəyyənləşdirilib.
Forumun əsas müzakirə istiqamətləri arasında qlobal iqtisadi və geosiyasi proseslərin investisiyalara təsiri, Azərbaycanın regional mövqeyi, nəqliyyat və enerji bağlantıları, eləcə də müxtəlif iqtisadi sahələrdə əməkdaşlıq imkanları yer alır.
Tədbirin proqramında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznes, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalarla bağlı sessiyalar nəzərdə tutulub.
Beynəlxalq forum çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpaolunan enerji, aqrar sektor, su resursları və idman sahələrini əhatə edən bir sıra sənədlərin imzalanması və mübadiləsi planlaşdırılır.
Forumun əsas məqsədlərindən biri Azərbaycanın investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, həmçinin yeni investisiya layihələrinin təşviqidir.
Qeyd edək ki, ötən ilin sentyabrında keçirilmiş I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən çox iştirakçı bir araya gəlib. Həmin tədbirdə ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb. Bu sazişlərin 7 milyard ABŞ dollarından çox hissəsi qeyri-neft sektorunu əhatə edib.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu 25-26 sentyabr tarixlərində Bakı Konqres Mərkəzində keçirilir.


