Pik saatlarda ictimai nəqliyyatda sıxlıq artır: Avtobuslar dolur, metro qatarları isə boş qalır
Paytaxt yollarında pik saatlarda yaranan sıxlıq və avtobuslarda həddindən artıq yüklənmə sərnişinlərin gündəlik hərəkətini çətinləşdirir. Eyni vaxtda bəzi istiqamətlərdə metro qatarlarının nisbətən boş hərəkət etməsi diqqət çəkir.
Azmedia.Az xəbər verir ki, xüsusilə səhər saatlarında ictimai nəqliyyatdan istifadə edən sərnişinlər ciddi çətinliklərlə üzləşirlər. Avtobusların həddindən artıq dolu olması səbəbindən bəzi hallarda qapılar bağlanır və dayanacaqlarda gözləyən sərnişinlər növbəti nəqliyyat vasitəsini gözləməyə məcbur qalırlar.
Məsələ yalnız avtobusların sayının və tutumunun kifayət edib-etməməsi ilə məhdudlaşmır. Pik saatlarda sərnişinlər arasında yaranan gərgin münasibət də diqqətdən yayınmır. İşə və dərsə tələsən insanlar dayanacaqlarda uzun müddət gözləyərkən, avtobusda yer alan sərnişinlərin bir qismi bu vəziyyətin yaratdığı narahatlığı nəzərə almır.
Avtobusdan düşmək istəyən sərnişinlərin qarşılaşdığı vəziyyət də ayrıca problemdir. Bəzən düşən şəxslər nəqliyyat vasitəsindən rahat şəkildə çıxmağa imkan tapmamış digər sərnişinlərin tələsik reaksiyası ilə üzləşirlər. Halbuki avtobusdan düşən sərnişinə yol verilməsi həm sadə nəzakət qaydası, həm də nəqliyyat vasitəsinə minmə və düşmə prosesinin daha sürətli təşkil olunması baxımından vacibdir.
Digər diqqətçəkən məqam isə pik saatlarda Dərnəgül–Nizami istiqamətində metro qatarlarının nisbətən boş hərəkət etməsidir. Yerüstü nəqliyyatda sərnişin sıxlığı və yollarda tıxac müşahidə olunduğu halda, eyni istiqamətdə metrodan tam gücü ilə istifadə edilməməsi sual doğurur. Bu istiqamət xüsusilə tələbə və şagirdlərin intensiv hərəkət etdiyi marşrutlardan biridir. Bakı Dövlət Universitetinin Elmlər Akademiyası ərazisində yerləşməsi, UNEC-in Nizami istiqamətində korpuslarının olması ilə yanaşı, həmin ərazilərdə çoxsaylı məktəb, lisey və hazırlıq kurslarının fəaliyyət göstərməsi sərnişin axınının yüksək olmasına səbəb olur.
Belə olan halda ortaya başqa bir sual çıxır: Nə üçün sərnişinlərin böyük hissəsi pik saatlarda tıxacda saatlarla qalmaq bahasına avtobuslara üstünlük verir, metro isə bəzi istiqamətlərdə lazımi səviyyədə yüklənmir? Burada metrodan istifadə vərdişləri, sərnişinlərin müəyyən marşrutlara üstünlük verməsinin səbəbləri, metro stansiyalarına çıxış imkanları və ictimai nəqliyyat növləri arasında əlaqələndirmənin səviyyəsi kimi məsələlərin araşdırılması vacib görünür.
Çünki şəhər nəqliyyatında əsas məqsəd yalnız daha çox avtobusun yollara buraxılması deyil. Mövcud nəqliyyat imkanlarından səmərəli istifadə, sərnişin axınının düzgün istiqamətləndirilməsi və avtobus, metro kimi nəqliyyat vasitələrinin bir-birini tamamlaması da mühüm əhəmiyyət daşıyır.
Əli Şəyəldiyev
Azmedia.Az


