Köhnə Talkuçka yolundakı təhlükəli çala sürücülərə baha başa gəlir – Zərəri kim ödəməlidir? -Ekspert açıqladı FOTO-VİDEO
Yeni Suraxanı qəsəbəsində, Köhnə Talkuçka yolu kimi tanınan ərazidə yaranmış dərin çala sürücülər üçün ciddi təhlükə yaradıb. Sürücülərin sözlərinə görə, çalaya düşən avtomobillərin təkər və diskləri zədələnir, bəzi nəqliyyat vasitələri isə hərəkət qabiliyyətini itirərək evakuatorla ərazidən aparılır. Belə hallarda dəymiş maddi zərərin kimin tərəfindən qarşılanmalı olduğu isə sual doğurur.
Azmedia.Az xəbər verir ki, Nəqliyyat üzrə mütəxəssis Elməddin Muradlı Azmedia.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda yol infrastrukturu müxtəlif qurumların balansında formalaşır.
Onun sözlərinə görə, bəzi yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA), müəyyən yollar rayon icra hakimiyyətlərinin, digər yollar isə bələdiyyələrin balansında ola bilər. Özəl mülkiyyətdə olan yolların da mövcudluğu mümkündür.
Muradlı qeyd edib ki, belə hallarda ilk növbədə problem yaranan yolun hansı qurumun balansında və ya məsuliyyət dairəsində olduğunun hüquqi baxımdan müəyyənləşdirilməsi vacibdir.
“Xoşagəlməz hal baş verdikdə, hətta yoldakı texniki nasazlıq və ya qüsur səbəbindən sürücüyə zərər dəyirsə, bu, mütləq aktlaşdırılmalıdır. Foto və video çəkilişlər sürücü üçün əsas sübutlardan biri ola bilər. Çünki bunu sübut etmək üçün müəyyən əsasların olması lazımdır”, – deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində avtomobilin təkəri, diski və ya digər hissələri zədələnibsə, sürücü dəymiş zərərin sənədləşdirilməsinə xüsusi diqqət yetirməlidir.
Muradlı hesab edir ki, belə vəziyyətlərdə vəkilin hüquqi yardımından istifadə edilməsi də məqsədəuyğundur.
“Kiminsə ‘bu məsələni özüm həll edəcəyəm’ deməsi hər situasiyada mümkün deyil. Müəyyən hallarda vəkilin köməyinə arxalanmaq lazımdır. İddia ərizəsində vəkilə ödənilmiş xərclərin də qarşı tərəfin üzərinə qoyulması tələb edilə bilər”, – deyə o qeyd edib.
Mütəxəssis bildirib ki, dəymiş zərərin müəyyənləşdirilməsi üçün hadisə yerində akt tərtib olunmalı, foto və video sübutlar toplanmalı, daha sonra isə avtomobil etibarlı servis məntəqəsinə aparılmalıdır.
“Servis akt tərtib edir: avtomobil bura hansı vəziyyətdə gəlib, hansı detallar dəyişdirilib və digər məsələlər qeyd olunur. Bunlar təsdiqini tapmalı, akt tərtib edilməli, imzalanmalı və möhürlənməlidir. Sonradan toplanmış sübutlarla birlikdə məhkəməyə təqdim edilir”, – deyə Muradlı vurğulayıb.
Onun sözlərinə görə, servis sənədlərində avtomobilə hansı zərərin dəydiyi, hansı detalların dəyişdirilməsinin zəruri olduğu və təmir və ya əvəzləmə xərcləri mümkün qədər dəqiq göstərilməlidir.
Mütəxəssis bildirib ki, bu cür sənədlər dəymiş maddi zərərin məbləğinin əsaslandırılması baxımından mühüm əhəmiyyət daşıya bilər.
Elməddin Muradlı belə hallarla bağlı məhkəmə təcrübəsinin də olduğunu diqqətə çatdırıb. O bildirib ki, yaxın vaxtlarda jurnalist həmkarlarından biri Bakı-Quba yolunda avtomobilinə dəymiş zərərlə bağlı məhkəməyə müraciət edib və nəticədə dəymiş zərərin ödənilməsinə nail olub.
“Belə qərarlar çox olur. Yaxın vaxtlarda jurnalist həmkarımız belə bir qərar əldə edə bildi. Bakı-Quba yolunda ona zərər dəymişdi və bununla bağlı məhkəməyə müraciət etdi. Nəticədə məhkəmədə qalib gəldi və ona dəymiş zərər ödənildi”, – deyə o bildirib.
Nəqliyyat üzrə mütəxəssis hesab edir ki, əsas məqsəd belə hadisələrin baş verməsindən sonra məsuliyyət məsələsini həll etmək deyil, problemlərin əvvəlcədən müəyyən edilərək aradan qaldırılması olmalıdır.
“Dövlət qurumları, bu yola cavabdeh olan qurumlar məsuliyyətli olmalıdırlar. Bu halların baş verməməsi daha arzuolunan haldır. Hadisə baş versin, vətəndaş onu məhkəmədə mübahisələndirsin, məsələ ictimailəşsin və belə bir fikir formalaşsın ki, dövlət qurumları işləmir. Halbuki vaxtında tədbir görmək, yollarda yaranmış neqativ problemi aradan qaldırmaq olar”, – deyə Muradlı vurğulayıb.
O bildirib ki, yol təsərrüfatına nəzarət edən qurumlar problemlərin vaxtında aşkarlanmasına və aradan qaldırılmasına daha ciddi yanaşmalıdır.
“Yol təsərrüfatına nəzarət edən qurum var. Bu qurum daha ciddi şəkildə nəzarət etməlidir. Vaxtında problem həll olunmalıdır”, – deyə mütəxəssis əlavə edib.
Muradlı məsələyə yalnız avtomobillərə dəyən maddi zərər baxımından yanaşmağın düzgün olmadığını, burada əsas prioritetlərdən birinin də yol hərəkəti təhlükəsizliyi olduğunu bildirib.
“Biz bu hallara təhlükəsizlik baxımından yanaşırıq. Birdən sürücü həmin yolda olan problem üzündən qəza edər, şikəst qalar və ya hadisə ölümlə nəticələnər. Bu zaman məsələlər daha da böyüyür. Şəxsin sağlamlığına ziyan dəydiyinə görə quruma qarşı iddia daha da sərtləşə bilər. Belə halda ona dəymiş zərərin qanunvericiliyə uyğun şəkildə kompensasiya olunması məsələsi gündəmə gələ bilər”, – deyə o əlavə edib.
Beləliklə, Yeni Suraxanı qəsəbəsindəki Köhnə Talkuçka yolu kimi ərazilərdə yol örtüyündə yaranan ciddi qüsurların vaxtında aradan qaldırılması həm avtomobillərin zədələnməsinin, həm də daha ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması baxımından əhəmiyyət daşıyır.
Əli Şəyəldiyev
Azmedia.Az


