Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı: hərəkət məsafəsi 1,1 kilometrdən 100 metrə endirildi

Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı: hərəkət məsafəsi 1,1 kilometrdən 100 metrə endirildi

“Avtovağzal” metrostansiyası yaxınlığından Bakı-Sumqayıt yoluna avtobusların daha sürətli və birbaşa çıxışını təmin etmək məqsədilə yeni nəqliyyat həlli tətbiq olunub.

Azmedia.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata görə, yeni avtobus zolağının təşkilində əsas məqsəd avtobusların Bakı-Sumqayıt yoluna daha qısa məsafə ilə və daha sürətli çıxışını təmin etməkdir.

Bildirilib ki, sərnişinlərin Bakı Metropoliteninin “20 Yanvar” stansiyasına və “Şamaxinka” adlanan əraziyə getmədən “Avtovağzal” metrostansiyasından ödənişsiz istifadə etməsi mümkündür.

“Avtovağzal” metrostansiyasına girişin ödənişsiz olması nəzərə alınaraq, sərnişinlərin bu imkanından daha rahat yararlanması üçün həmin ərazidə yerləşən dayanacağa əlavə 16 marşrut yönləndirilib.

Ərazidə nəqliyyat intensivliyinin artacağı nəzərə alınaraq, avtobusların Bakı-Sumqayıt yoluna daha sürətli çıxışını təmin etmək üçün yeni nəqliyyat həlli tətbiq edilib.

AYNA-nın məlumatına əsasən, əvvəllər “Avtovağzal” metrostansiyasının qarşısından hərəkət edən avtobuslar müəyyən trayektoriya üzrə irəlilədikdən sonra Bakı-Sumqayıt yoluna çıxırdı. Bu marşrut avtobusların hərəkət məsafəsini əlavə 1,1 kilometr artırırdı.

Yeni avtobus zolağının təşkili nəticəsində isə həmin məsafə 1,1 kilometrdən təxminən 100 metrədək azaldılıb.

Qeyd olunub ki, tətbiq edilən yeni həll avtobusların hərəkət sürətinin artırılmasına, yolda vaxt itkisinin azalmasına və sərnişinlərin daha rahat daşınmasına şərait yaradacaq. 

Bundan əlavə, “Avtovağzal” metrostansiyasının yaxınlığındakı dayanacağa yönləndirilən 16 marşrut üzrə avtobuslar aralıq dayanacaqdan istifadə edəcək. Bunlar Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsindən gələn 500, 503 və 508; Xırdalan şəhərindən 119 və 135; Masazır kəndindən 142, 525A və 525B; Müşfiqabad qəsəbəsindən 114A və 114B; Hökməli qəsəbəsindən 156 və 156A; Sulutəpə qəsəbəsindən 158; Çiçək qəsəbəsindən 159; Binəqədi qəsəbəsindən 170; Biləcəri qəsəbəsindən isə 83A nömrəli marşrutlardır. 

Beləliklə, yeni avtobus zolağı ilə avtobusların Bakı-Sumqayıt yoluna çıxış məsafəsinin əhəmiyyətli dərəcədə qısaldılması və sərnişindaşımanın daha səmərəli təşkili nəzərdə tutulur.