Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəməsində hazırlıq iclası keçirildi- VİDEO

Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəməsində hazırlıq iclası keçirildi-

Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Azmedia.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ramiz Mehdiyev və Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclasına hakim Murad Aslanov sədrlik edib.

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Həmçinin onlara qanunvericilikdə nəzərdə tutulan prosessual hüquq və vəzifələri izah olunub.

Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin müdafiə hüququndan istifadə etməsi, eləcə də digər prosessual təminatların həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.

Hazırlıq iclasının yekununda məhkəmə cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edib. 

Cinayət işi nə ilə bağlıdır?

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabrında cinayət işi başlanıb.

DTX-nin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşları Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov və Əli Əmirhüseyn oğlu Kərimli xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdiyi təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində keçirilən kompleks tədbirlər nəticəsində saxlanılıblar.

Həmin cinayət işi çərçivəsində 2025-ci ilin noyabrında Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov da saxlanılıb. 

İttihamın detalları

İttihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə məqsədilə həmin ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı ilə qeydiyyatdan keçirilmiş və “Milyarderlər İttifaqı” kimi tanınan təşkilatın rəhbərləri Abbas Abbasov və Rüstəm İbrahimbəyov, həmçinin Ramiz Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, partiya üzvləri Fuad Qəhrəmanlı, Qənimət Zayıdov və digər şəxslərin dövlət hakimiyyətini zorla ələ keçirmək və ölkənin mövcud konstitusiya quruluşunu zorakı yolla dəyişdirmək barədə sövdələşdikləri bildirilir. 

İttiham materiallarında qeyd olunur ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini əks etdirən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı yazılı material hazırlayıb.

Xarici dildə hazırlanan həmin materialın razılaşdırılması məqsədilə Ramiz Mehdiyev onu köməkçisi Eldar Əmirov və digər şəxslər vasitəsilə Əli Kərimliyə təqdim edib.

Daha sonra, 2025-ci il oktyabrın 3-də, sənədin yekun redaktə edilmiş variantının “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərildiyi və bu göndərişin texniki baxımdan qeydə alındığı bildirilib. 

İttihama görə, Ramiz Mehdiyev sözügedən şəxslərlə əlbir olaraq dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər edib.

Bundan əlavə, ona xarici dövlətin nümayəndələrinə Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd şəkildə kömək göstərməklə dövlətə xəyanət etmək ittihamı irəli sürülüb.

İttiham materiallarında həmçinin Ramiz Mehdiyevin 2025-ci il oktyabrın 13-dək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı qeyd edilir. 

Bu əməllərlə əlaqədar Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274-cü maddəsi (dövlətə xəyanət) və 278.1-ci maddəsi ilə ittiham olunur.