İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib- FOTO
Azərbaycan Prezidenti İlham Əliyev “BlackRock”un tərkibində fəaliyyət göstərən “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
Azmedia.Az xəbər verir ki, sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkəti – “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
Görüş zamanı dövlət başçısının bu ilin yanvarında Adebayo Oqunlesi ilə Davosda keçirdiyi görüş xatırlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), “BlackRock” və “Global Infrastructure Partners” (GIP) arasında Davosda imzalanmış uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyətindən bəhs olunub.
Görüşdə Azərbaycan ilə “Global Infrastructure Partners” arasında investisiya əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib. Tərəflər əldə olunan nəticələri və mövcud tərəfdaşlığın gələcəkdə genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Bildirilib ki, ARDNF ilə “Global Infrastructure Partners” arasında formalaşmış tərəfdaşlıq artıq konkret beynəlxalq investisiya layihələrini də əhatə edir. Bu çərçivədə Fondun İtaliyanın yüksəksürətli qatar operatoru “Italo”ya və Londonun Qatvik hava limanına “Global Infrastructure Partners” ilə birgə investisiya yatırdığı qeyd olunub.
Görüşdə Azərbaycanın infrastruktur sahəsində mövcud investisiya imkanları, o cümlədən rəqəmsal və nəqliyyat infrastrukturu istiqamətlərində potensial əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Prezident İlham Əliyevin himayəsi altında Bakıda təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyətinə toxunulub.
Həmçinin bu çərçivədə ARDNF və “BlackRock” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu barədə danışılıb.
Qeyd olunub ki, sözügedən tədbirlərdə ümumi olaraq 30 trilyon ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətlər iştirak edib.
Məlumat üçün bildirək ki, “Global Infrastructure Partners” şirkəti 2024-cü ildən dünyanın ən böyük investisiya idarəetmə şirkəti olan “BlackRock”un tərkibində fəaliyyət göstərir.
Hazırda “BlackRock”un idarə etdiyi aktivlərin həcmi 15,3 trilyon ABŞ dolları təşkil edir. Şirkət enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və tullantıların idarə olunması sahələrində ixtisaslaşmış qlobal investisiya şirkətidir.
“Global Infrastructure Partners”in (GIP) idarə etdiyi aktivlərin həcmi isə 170 milyard ABŞ dollarıdır.
Qeyd olunur ki, GIP, həmçinin “BlackRock”, “Microsoft” və “MGX” ilə birlikdə qlobal Süni İntellekt İnfrastruktur Fondunun əsas təsisçilərindən biridir.


