Formula 1 Bakıda start götürür: İlk günün proqramı AÇIQLANDI
Bu gün Bakıda Formula 1 üzrə Azərbaycan Qran-prisinə start veriləcək. Qran-prinin ilk günündə Formula 1 və Formula 2 üzrə ümumilikdə beş yürüş keçiriləcək.
Azmedia.Az xəbər verir ki, günün proqramına Formula 2 üzrə sərbəst yürüş, iki sıralama turu, eləcə də Formula 1 üzrə iki sərbəst yürüş daxildir.
20 döngədən ibarət Bakı trekinin ümumi uzunluğu 6,003 kilometrdir. Yarış zamanı pilotlar 51 dövrə vuracaq və məsafənin ümumi uzunluğu 306,049 kilometr təşkil edəcək.
Bakıda ilk Formula 1 yarışı 2016-cı ildə Avropa Qran-prisi adı ilə keçirilib. Növbəti illərdə yarış Azərbaycan Qran-prisi adı altında təşkil olunub.
Bakı mərhələsində 2016-cı ildə Niko Rosberq, 2017-ci ildə Daniel Rikkardo, 2018-ci ildə Lüis Hemilton, 2019-cu ildə Valtteri Bottas, 2021 və 2023-cü illərdə Serxio Peres, 2022 və 2025-ci illərdə Maks Ferstappen, 2024-cü ildə isə Oskar Piastri qalib olub. 2025-ci ilin qalibi isə Red Bull Racing komandasının niderlandlı pilotu Maks Ferstappen olub.
2020-ci ildə isə koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Qran-prisi keçirilməyib.
Hazırda pilotların şəxsi sıralamasında “Mersedes” komandasının italiyalı sürücüsü Kimi Antonelli 292 xalla liderdir. Komanda yoldaşı Corc Rassell 211 xalla ikinci, “Ferrari”nin pilotu Lüis Hemilton isə 191 xalla üçüncü pillədə qərarlaşıb.
Konstruktorlar çempionatında da “Mersedes” 503 xalla birinci yerdədir. “Ferrari” 358 xalla ikinci, “Maklaren” isə 306 xalla üçüncü sıradadır.
Azərbaycan Qran-prisinin ilk gününün proqramı:
10:00 – Formula 2: sərbəst yürüş
12:30 – Formula 1: birinci sərbəst yürüş
14:00 – Formula 2: birinci sıralama turu
14:30 – Formula 2: ikinci sıralama turu
16:00 – Formula 1: ikinci sərbəst yürüş
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026 çərçivəsində keçirilən yarışlar 24–26 sentyabr tarixlərini əhatə edir.


