Morqda qanını yuduğu şəhidin öz oğlu olduğunu bilmirdi – Sevda Həsənovanın ürəkdağlayan hekayəsi- VİDEO

Morqda qanını yuduğu şəhidin öz oğlu olduğunu bilmirdi – Sevda Həsənovanın ürəkdağlayan hekayəsi-

Vətən müharibəsinin üçüncü günü Füzuli Tibb Mərkəzində çalışan Sevda Həsənova morqa gətirilən şəhidlərdən birinin qanını öz əlləri ilə təmizləyib. Lakin həmin şəhidin öz oğlu Sərhəd Hüseynov olduğunu bilməyib.

Azmedia.Az xəbər verir ki, şəhid anası Sevda Həsənovanın Vətən müharibəsi zamanı yaşadığı bu hadisə illər keçməsinə baxmayaraq yaddaşından silinməyib.

29 sentyabr 2020-ci il – Vətən müharibəsinin üçüncü günü idi. Sevda Həsənova adəti üzrə Füzuli Tibb Mərkəzinə işə gəlmişdi. O, Vətən uğrunda döyüşən, yaralanaraq tibb müəssisəsinə gətirilən hərbçilərə yardım edir, yaralıların müalicəsinə kömək göstərirdi. Şəhid olan hərbçilərə isə son ehtiramın göstərilməsində iştirak edirdi.

Həmin gün morqa daxil olan Sevda Həsənova orada üç şəhid görüb. Şəhidlərdən birinin qanı gəlmirdi, digərindən isə qan axırdı. O, yaxınlaşıb şəhidin qolunu örtmək istəyib. Bu zaman ona yorulduğu və çölə çıxmasının yaxşı olduğu bildirilib.

Lakin şəhidin qanını kimin təmizləyəcəyi soruşulanda Sevda Həsənova bu işi özü görüb.

O, həmin an qarşısındakı şəhidin öz oğlu olduğunu bilmirdi.

Sevda Həsənova həmin ağır anları belə xatırlayır:

“Qapıdan içəri girdim, gördüm üç dənə şəhid var. Birinci, ikinci, üçüncü… Üçüncüdən qan gəlmirdi, ikincidən gəlirdi. Yaxınlaşırdım ki, əyilib onun qolunu örtüm. Dedilər ki, yorulmusan, çıxaq çölə. Amma mənə dedilər ki, bu şəhidin qanını kim yuyar? O qanı da özüm sildim. Sonra gördüm ki, onun da qanı çıxıb, özüm sildim. Çıxdım getdim zala. Zala gedəndə qıçlarım tutuldu. Gedəndə ağlıma gəlmədi ki, bu, mənim oğlum olar. Ötəri şeydir deyib keçdim. Kürəyimdə də yanma hiss etdim, düşündüm ki, nəysə, keçər.”

Həmin şəhid Sərhəd Hüseynov idi.

Sevda Həsənova deyir ki, həmin vaxt Allah ona böyük güc verib. O, bir tərəfdən şəhidin qanını təmizləyib, digər tərəfdən isə tibb mərkəzində olan yaralılara kömək etməyə davam edib:

“Amma Allah mənə sanki elə güc-qüvvət vermişdi. Deyirdim, ancaq silim, təmizləyim, əlim dəysin. Gah orada olan digər yaralılara kömək edir, botinkalarını açırdım.”

Sərhəd Hüseynov döyüş yoldaşlarını xilas edərkən şəhid olub

Sərhəd Hüseynov 29 sentyabr 2020-ci ildə iki yaralı döyüş yoldaşını xilas etməyə çalışıb. Daha sonra üçüncü yaralını da xilas etmək istəyərkən düşmən gülləsinə tuş gələrək şəhid olub.

Şəhid anası oğlunun aldığı yaraları dəfn zamanı gördüyü anları da unutmur.

Sevda Həsənovanın sözlərinə görə, Sərhəd snayperlə vurulub və kürəyindən də yaralanıb. O, oğlunun qəbiristanlıqda son dəfə üzünü gördüyü zaman yaşadıqlarını belə danışır:

“Qəbiristanlıqda açdım, sığalladım. Əlinin arasında bacısının adı yazılmışdı. Ona baxdım, sığalladım. Deyirdim, bunun nəyi var? Bunun axı heç nəyi yoxdur. Sonra əlimi apardım və gördüm ki, əlim beyninin içinə girib. Demək, güllə başının ön hissəsindən dəyib, arxadan çıxmışdı.”

Sərhəd Hüseynovun həyat yolu

Sərhəd Hüseynov 21 aprel 1996-cı ildə Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub.

Kiçik yaşlarından hərbçi olmaq istəyən Sərhəd 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra isə orduda qalaraq Vətənin keşiyində dayanıb.

2020-ci ildə Vətən müharibəsi başlayan zaman Sərhəd Hüseynov da döyüşlərə qatılıb. O, döyüş yoldaşlarının yanında olaraq düşmənə qarşı şücaət göstərib və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.

Oğlunun şəhidliyindən danışan Sevda Həsənova onunla ömrünün sonuna qədər fəxr edəcəyini bildirir:

“Şərəfli ölümdür, başımı uca edib. Mən onunla həmişə fəxr etmişəm, ölənəcən də fəxr edəcəyəm. Amma Allahdan arzum budur ki, Allah məni tez öldürsün, gedim onun yanına, orada onunla birləşim, bəlkə sakitləşərəm.”

Sərhəd Hüseynov şəhid olduqdan sonra göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Vətən uğrunda”“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Sevda Həsənovanın yaşadığı həmin gün isə Vətən müharibəsinin ən ağır xatirələrindən biri kimi yadda qalıb. Ana bilmədən öz oğlunun qanını əlləri ilə təmizləyib və ona son xidmətlərdən birini göstərib.