“İnsanlar niyə evlənmək istəmir?” – Tanınmış aparıcı-jurnalist Nigar Mahmudovadan nikah və boşanmalarla bağlı diqqətçəkən paylaşım- VİDEO

“İnsanlar niyə evlənmək istəmir?” – Tanınmış aparıcı-jurnalist Nigar Mahmudovadan nikah və boşanmalarla bağlı diqqətçəkən paylaşım-

Azərbaycanda nikahların sayının azalması və boşanmaların artması tanınmış aparıcı-jurnalist Nigar Mahmudovanın diqqətini çəkib.

Azmedia.Az xəbər verir ki, Nigar Mahmudova sosial şəbəkə hesabında paylaşım edərək ölkədə nikah və boşanmaların statistikası ilə bağlı fikirlərini bölüşüb.

Aparıcı-jurnalist paylaşımında insanların niyə əvvəlki kimi evlənmək istəmədiyini və boşanmaların sayının hansı səbəblərdən artdığını sual edib.

O bildirib ki, hazırkı statistikaya əsasən, Azərbaycanda 22 130 nikah, 11 678 boşanma qeydə alınıb.

Nigar Mahmudova xüsusilə hər 1000 nəfərə düşən nikahların sayındakı dəyişikliklərə diqqət çəkib. Onun sözlərinə görə, 2025-ci ildə hər 1000 nəfərə düşən nikahların sayı 4,6 olduğu halda, bu il həmin göstərici 3,7 təşkil edib. Beləliklə, ötən illə müqayisədə nikahların sayında 20 faizlik azalma müşahidə olunub.

Aparıcı bu statistikanın səbəbləri barədə də fikirlərini qeyd edib və insanların məsələnin səbəbini əsasən maddi vəziyyətlə əlaqələndirəcəyini bildirib.

“İndi insanlar bunu maddiyyata bağlayacaqlar”, – deyə Nigar Mahmudova qeyd edib.

O, eyni zamanda, insanların evlənməmək istəyinin başqa səbəblərinin də ola biləcəyini düşünür. Aparıcının fikrincə, müasir dövrdə insanların, xüsusilə qadınların daha sərbəst və müstəqil həyat qurmağa üstünlük verməsi də bu prosesə təsir edən amillərdən biri ola bilər.

Nigar Mahmudova qadınların öz ayaqları üzərində dayanmaq istəyinin artdığını vurğulayıb.

Aparıcı-jurnalist qeyd edib ki, bu göstəricini yaxşı nəticə hesab etmir. O, əvvəlki nəsillərlə indiki dövr arasında müqayisə apararaq bildirib ki, bəzi insanlar keçmişdə qadınların ailədə şiddət və işgəncəyə məruz qalmasına baxmayaraq, buna dözüb ailə həyatını davam etdirdiyini deyə bilər.

Onun sözlərinə görə, hazırda qadınların daha çox iqtisadi və sosial müstəqilliyə malik olması, öz ayaqları üzərində dayanması da ailə münasibətlərinə və nikah qərarlarına təsir edən səbəblərdən biri ola bilər.