Azərbaycanda 10 mindən çox yeni iş yeri açılacaq – maaşlarla bağlı AÇIQLAMA

Azərbaycanda 10 mindən çox yeni iş yeri açılacaq – maaşlarla bağlı AÇIQLAMA

Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə Dövlət Proqramının icrası nəticəsində 10 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır.

Azmedia.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə əsas diqqət yetirilən məsələlərdən biri yeni və daimi məşğulluq imkanlarının formalaşdırılması olub. 

Vüqar Bayramov bildirib ki, təsdiqlənmiş Dövlət Proqramı çərçivəsində yeni iş yerlərinin həm işğaldan azad edilmiş ərazilərdə, həm də ölkənin digər bölgələrində yaradılması nəzərdə tutulur.

Onun sözlərinə görə, Daşkəsən və Balakən rayonları ilə yanaşı, Bakı və Gəncə şəhərlərində də müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.

İlkin hesablamalara əsasən, proqramın icrası nəticəsində 5 mindən çox daimi iş yerinin açılması gözlənilir. İnfrastrukturun qurulması və tikinti mərhələsində yaranacaq müvəqqəti məşğulluq imkanları da nəzərə alındıqda, ümumi yeni iş yerlərinin sayının 10 mindən çox olacağı proqnozlaşdırılır. 

Yeni iş imkanlarının əsas hissəsinin işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə ərazilərində, eləcə də filiz yataqlarının yerləşdiyi və dağ-mədən-metallurgiya sənayesinin inkişaf etdiriləcəyi digər bölgələrdə yaradılması nəzərdə tutulur.

Deputat əlavə edib ki, proqram çərçivəsində yeni istehsal müəssisələrinin və zavodların qurulması da planlaşdırılır.

Bu layihələrin reallaşdırılmasının sənaye potensialının genişləndirilməsi ilə yanaşı, regionlarda məşğulluq imkanlarının artırılmasına da şərait yaradacağı bildirilir.

Yeni vakansiyaların yalnız texniki işçilərlə məhdudlaşmayacağı, müxtəlif sahələr üzrə ixtisaslı kadrlara da ehtiyac yaranacağı qeyd olunur. Xüsusilə mühəndislər, geoloqlar, mədən işi və əməyin mühafizəsi üzrə mütəxəssislər üçün daimi iş yerlərinin yaradılması gözlənilir.

Vüqar Bayramovun sözlərinə görə, gələn ildən etibarən bu istiqamətdə yeni vakansiyaların elan edilməsi və iş imkanlarının təqdim olunması daha da genişlənəcək.

O bildirib ki, ixtisaslı kadrlara tələbatın artması əməkhaqlarının da yüksək olmasına şərait yarada bilər. Xüsusilə özəl sektorda həm peşəkar mütəxəssislər, həm də texniki işçilər üçün yeni vakansiyaların açılması və daha yüksək əməkhaqqı təkliflərinin formalaşması gözlənilir.