İlham Əliyev Tacikistanın Baş naziri ilə görüşdü – mühüm məsələlər müzakirə edildi- FOTO

İlham Əliyev Tacikistanın Baş naziri ilə görüşdü – mühüm məsələlər müzakirə edildi-

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

Azmedia.Az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Tacikistan arasındakı dostluq və qardaşlıq münasibətləri, eləcə də ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Prezident İlham Əliyev Azərbaycan və Tacikistanın dost və qardaş ölkələr olduğunu bildirib. Dövlət başçısı iki ölkə arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

İlham Əliyev əlaqələrin inkişafında qarşılıqlı yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını vurğulayıb. Bu baxımdan onun Tacikistana, Tacikistan Prezidenti Emoməli Rəhmonun isə Azərbaycana səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə keçirilən digər qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub.

Dövlət başçısı Koxir Rasulzodanın Azərbaycana səfərinin gündəlikdə olan məsələlərin ətraflı müzakirəsinə imkan yaratdığını bildirib. O, xüsusilə nəqliyyat-logistika, qarşılıqlı iqtisadi fəaliyyət və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlərin müzakirəsinin vacibliyini qeyd edib.

Tacikistanın Baş naziri göstərilən qonaqpərvərliyə və qəbuluna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Koxir Rasulzoda Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və xoş arzularını Azərbaycan dövlət başçısına çatdırıb.

İlham Əliyev salamlara görə minnətdarlığını ifadə edib və onun da salamlarını Tacikistan Prezidentinə çatdırmağı xahiş edib. Prezident Emoməli Rəhmonla Azərbaycanda və Tacikistanda, eləcə də beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşləri və söhbətləri məmnunluqla xatırladığını bildirib.

Koxir Rasulzoda Tacikistanın Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibətlərinə yüksək qiymət verdiyini vurğulayıb. Baş nazir qeyd edib ki, iki ölkə prezidentinin siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan dialoqu əməkdaşlığın yeni mərhələyə keçməsinə şərait yaradıb.

Tacikistanın Baş naziri bu kontekstdə Azərbaycan və Tacikistan prezidentlərinin 2024-cü ildə Bakıda imzaladıqları **“Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”**ni xatırladıb.

Koxir Rasulzoda Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı əlaqələrin inkişafına verdiyi şəxsi töhfəni də xüsusi qeyd edib.

Görüşdə Azərbaycanın “ASAN xidmət” modelinə də toxunulub. Tacikistanın Baş naziri bu modelin ölkəsində tətbiqi ilə bağlı maraqlarını ifadə edib.

Söhbət zamanı Tacikistan məhsullarının Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən tranzit keçməklə beynəlxalq bazarlara çıxarılması məsələsi də müzakirə olunub. Bununla yanaşı, metallurgiya, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və Tacikistan xalqlarını birləşdirən tarixi əlaqələrə diqqət çəkərək, xalqların ortaq köklərə malik olduğunu vurğulayıblar. Bu baxımdan qarşılıqlı mədəni-humanitar və idman tədbirlərinin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunub.

Koxir Rasulzoda Azərbaycan tərəfindən tacikistanlı tələbələr üçün ayrılan təhsil kvotalarına görə təşəkkürünü bildirib.

Görüşdə iki ölkənin turizm sahəsində geniş imkanlara malik olduğu da vurğulanıb. Bakı–Düşənbə arasında birbaşa aviareysin açılmasının əhəmiyyəti qeyd olunub, turizm və sərnişindaşıma sahələrində müşahidə olunan artım məmnunluqla qarşılanıb.

Ölkələrin turizm potensialının qarşılıqlı şəkildə tanıdılması məqsədilə müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyəti də diqqətə çatdırılıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və Azərbaycan-Tacikistan münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunub.