Mikayıl Cabbarovdan investisiya forumunda mesaj: “Etibar əsas nəticədir”
İqtisadiyyat naziri Mikayıl Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda qlobal iqtisadi risklər və etibarlı əməkdaşlığın əhəmiyyətindən danışıb.
Azmedia.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı dayanıqlılığın iqtisadi proseslərdə əhəmiyyətindən danışıb.
Nazir bildirib:
“Hər kəs dayanıqlılıq axtarır və bu, tamamilə təbiidir, lakin dayanıqlılığın da öz qiyməti var”.
Mikayıl Cabbarovun sözlərinə görə, təchizat zəncirlərinin şaxələndirilməsi və texnologiyaya çıxışın məhdudlaşdırılması istehsal xərclərinin artmasına, həmçinin transsərhəd iqtisadi inteqrasiyanın zəifləməsinə səbəb olur.
Nazir qeyd edib ki, hökumətlər bütün xarici riskləri aradan qaldıra bilməsələr də, siyasətlərini daha proqnozlaşdırılan edə və əldə olunan razılaşmalara hörmətlə yanaşıldığını nümayiş etdirə bilərlər.
O bildirib:
“Məhz buna görə də biz etibarlı olmağı seçmişik və inanırıq ki, etibar əsas nəticədir”.
Mikayıl Cabbarov çıxışında 1994-cü ildə aparıcı beynəlxalq energetika şirkətlərinin konsorsiumu ilə imzalanmış “Əsrin müqaviləsi”nə də toxunub.
Nazirin sözlərinə görə, həmin müqavilə Azərbaycanla dünyanın aparıcı enerji şirkətləri arasında güclü əməkdaşlıq modelinin əsasını qoyub.
O qeyd edib ki, sonrakı illərdə tərəfdaşlarla əməkdaşlıq Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verməklə yanaşı, ölkənin regionun etibarlı enerji təchizatçısına çevrilməsinə də imkan yaradıb.


