Alim Qasımovdan 1 milyon manat iddiasına cavab
Xalq artisti Alim Qasımov Üzeyir Mehdizadə ilə birgə ifa etdiyi “Bu dünyanın nəyindən narahatsan” mahnısı ilə bağlı yayılan 1 milyon manatlıq ödəniş iddiasına münasibət bildirib.
Azmedia.Az xəbər verir ki, son günlər Xalq artisti Alim Qasımovla müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi “Bu dünyanın nəyindən narahatsan” mahnısı ətrafında müxtəlif müzakirələr aparılır.
Sözügedən duetlə bağlı sosial şəbəkələrdə fərqli məlumatlar yayılıb. Bu məlumatlardan birində Alim Qasımovun layihədə iştirakı qarşılığında 1 milyon manat məbləğində ödəniş aldığı iddia olunub.
Xalq artisti isə bu iddianı təsdiqləməyib. O, layihəyə görə hər hansı qonorar və ya başqa formada ödəniş almadığını açıqlayıb.
Alim Qasımov bildirib ki, mahnı ilə tanış olduqdan sonra onun sözləri diqqətini çəkib və məhz bu səbəbdən əsəri ifa etmək qərarına gəlib.
Sənətçi Üzeyir Mehdizadə ilə münasibətlərinin də musiqi vasitəsilə formalaşdığını qeyd edib:
“Gözəl layihədir, çox xoşuma gəldi. Üzeyir ilə musiqi sayəsində tanışlığımız var. Bir-birimizə hörmətimiz yaranıb. Üzeyir gəlib mahnını mənə oxutdurdu, sözləri məni tutdu. Bundan sonra oxumaq qərarı verdim. Nə ödəniş? Allah haqqı, heç bir ödəniş almamışam”.
Beləliklə, sosial şəbəkələrdə yayılan 1 milyon manatlıq ödəniş iddiası Alim Qasımovun öz açıqlaması ilə təkzib olunub.


