Əbu-Dabidə 500 milyon rublluq toy planlaşdırılır?
“Miss Rusiya 2024” və “Miss BRİKS 2026” titullarını qazanan Valentina Alekseyevanın biznesmen İlya Mitelmanla toy mərasimi ilə bağlı diqqətçəkən məlumatlar yayılıb.
Azmedia.Az xəbər verir ki, “Axşam.az”ın məlumatına görə, 20 yaşlı model və 30 yaşlı biznesmenin Əbu-Dabidə baş tutacağı bildirilən toy mərasiminə təxminən 500 milyon rubl, yəni 10 milyon manatdan artıq vəsait xərclənməsi nəzərdə tutulur.
Məlumata əsasən, mərasimin oktyabrın 1-2-də “Al Maya Island & Resort” istirahət məkanında keçirilməsi planlaşdırılır. Qonaqların xüsusi qayıqlarla adaya aparılması nəzərdə tutulub.
Toy proqramında ümumilikdə 26 ulduzun iştirakı gözlənilir. Onların səhnə çıxışları, fərdi rayderləri və tədbirlə bağlı logistika xərcləri üçün 350 milyon rubldan çox büdcə ayrıldığı bildirilir.
Sənətçilərin Dubayda yerləşən beşulduzlu “Le Royal Meridien” kurort hotelində qalacağı qeyd olunur.
Tədbirin musiqi proqramında Sergey Lazarev, “Tatu”, Valeri Leontyev, Basta, Stas Mixaylov, Lyubov Uspenskaya, İrina Alleqrova, “Leninqrad”, “Diskoteka Avariya”, “Mumiy Troll” və Yuri Antonov kimi tanınmış sənətçilərin çıxışları yer alır.
Qriqori Leps isə mərasimdə həm ifaçı kimi çıxış edəcək, həm də tədbirin aparıcısı olacaq.
Məlumata görə, toy çərçivəsində sənətçilərin qonorarlarına 250 milyon rubldan çox, onların rayderlərinə təxminən 50 milyon rubl, uçuş və transfer xərclərinə isə daha 30 milyon rubl ayrılacaq.
Nəşrin yazdığına görə, özəl adanın mərasimə hazırlanması üçün təxminən üç gün tələb olunacaq. Toy büdcəsinə canlı güllər və müxtəlif dekorasiya işləri üçün təxminən 50 milyon rubl, menyu və toy tortunun hazırlanması üçün isə 20 milyon rubl daxil edilib.
Bununla belə, Valentina Alekseyeva yayılan məlumatlarla bağlı “Super.ru-ya açıqlamasında toy mərasiminin hazırda planlaşdırılmadığını bildirib.
Model qeyd edib:
“Hazırda heç bir toy planlaşdırılmır. Bəli, münasibətim var. Bu barədə dəfələrlə danışmışam. Bir neçə gün əvvəl də sevgilimlə video paylaşmışdım. Amma indiki zamanda 500 milyon rublluq toy xəbərlərini oxumaq, əlbəttə ki, gülməlidir”.


