Lionel Messi Argentina ilə vida matçına çıxır- “GOAT” mesajı verən forma geyinəcək- VİDEO
Argentina millisinin superulduzu Lionel Messi milli komanda ilə son oyununa xüsusi hazırlanmış forma ilə çıxacaq. Formanın dizaynında onun futbol dünyasındakı statusuna işarə edən diqqətçəkən detal yer alıb.
Azmedia.Az xəbər verir ki, Lionel Messi Argentina millisinin heyətində sonuncu matçını oktyabrın 6-da Beninə qarşı keçirəcək. Buenos-Ayresdəki “Monumental” stadionunda baş tutacaq yoldaşlıq görüşü argentinalı ulduzun milli komanda ilə vida qarşılaşması olacaq.
39 yaşlı futbolçu sözügedən görüşdə onun üçün xüsusi hazırlanmış forma geyinəcək. Messi özü də sosial şəbəkədə yeni formanı təqdim edərək paylaşımını “Sonuncu oyun… Bir ömürlük forma” ifadəsi ilə müşayiət edib.
Formada Argentina millisinin ənənəvi göy-ağ rəngləri qorunub. Bununla yanaşı, Messi üçün hazırlanmış xüsusi dizaynda onun soyadı və 10 nömrəsi qızılı rəngdə əks olunub. Arxa hissədə isə Argentina milli kimliyinin simvollarından olan “May günəşi” motivindən istifadə edilib.
Formanın ən diqqətçəkən elementlərindən biri isə 10 nömrəsinin dizaynıdır. Rəqəmlərin üzərindəki kiçik çıxıntıların buynuz formasını xatırlatması “GOAT” — Greatest of All Time (“Bütün zamanların ən yaxşısı”) ifadəsinə eyham kimi təqdim olunur. Bu detal Messinin futbol tarixindəki mövqeyinə dair simvolik mesaj kimi diqqət çəkib.
Beləliklə, Messi Argentina millisində 2005-ci ildən başlayan uzun və uğurlu yolunun son qarşılaşmasına xüsusi forma ilə çıxacaq. Beninlə matç onun ölkə yığmasında vida gecəsinə çevriləcək.


