Deputat Pərvanə Vəliyeva: Azərbaycan 44 günlük Vətən müharibəsində öz gücünü və qüdrətini bütün dünyaya göstərdi

Deputat Pərvanə Vəliyeva: Azərbaycan 44 günlük Vətən müharibəsində öz gücünü və qüdrətini bütün dünyaya göstərdi

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən Vətən müharibəsi ölkəmizin müasir tarixinin ən mühüm hadisələrindən biridir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Azmedia.Az-a açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə beynəlxalq hüququn işləməməsi, bir sıra beynəlxalq təşkilatlarda ədalətsiz və ikili standartlara əsaslanan yanaşmalarla üzləşməsi, eləcə də 30 ilə yaxın davam edən sülh danışıqlarının nəticəsiz qalması işğalın uzun müddət davam etməsinə səbəb olub.

Deputat qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilib. Lakin həmin qətnamələrin icra olunmaması beynəlxalq mexanizmlərin effektivliyi ilə bağlı ciddi suallar yaradıb.

P.Vəliyevanın sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin uzun illər davam edən səfərləri və danışıqları da işğalın aradan qaldırılmasına gətirib çıxarmayıb.

O bildirib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın ərazilərinin əhəmiyyətli hissəsi nəzarətdən kənarda qalıb, yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb, Azərbaycanın zəngin tarixi-mədəni irsinə ciddi ziyan vurulub.

Deputat vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin başladığı əks-hücum əməliyyatı nəticəsində 44 gün ərzində bir sıra şəhər, qəsəbə və kəndlər işğaldan azad edilib. Onun sözlərinə görə, Şuşanın azad olunması Vətən müharibəsinin gedişində həlledici əhəmiyyət daşıyıb.

P.Vəliyeva qeyd edib ki, üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırılıb və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni mərhələ başlanıb.

“44 gün ərzində qəhrəman hərbçilərimizin şücaəti və rəşadəti, şəhidlərimizin qanı və canı bahasına bütün dünya Azərbaycanın şanlı Zəfərinin şahidi oldu. Azərbaycan Silahlı Qüvvələri öz qəhrəmanlığı və peşəkarlığı ilə gücünü və qüdrətini nümayiş etdirdi”, – deyə deputat bildirib.

O diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun ələ keçirdiyi hərbi texnika, silah və sursatların nümayiş etdirilməsi məqsədilə Bakıda Hərbi Qənimətlər Parkı yaradılıb.

Deputat bildirib ki, Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın və əldə olunan Zəfərin təbliği, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi də inşa edilib.

P.Vəliyevanın sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhər və kəndlərdə xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri və muzeylər tikilir, nəqliyyat infrastrukturu yenidən qurulur, məscidlərin bərpası həyata keçirilir.

“Bir sözlə, azad edilmiş torpaqlara həyat geri qaytarılır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə 90 mindən çox insan məskunlaşıb”, – deyə deputat əlavə edib.

Şəlalə Camal
Azmedia.Az