Ceyhun Məmmədovdan Anım Günü ilə bağlı mesaj: “Ən böyük dəyər Vətəndir”
Milli Məclisin deputatı Ceyhun Məmmədov 27 Sentyabr – Anım Günü ilə bağlı şəhidlərin və qazilərin fədakarlığından, Vətən müharibəsinin tarixi əhəmiyyətindən və Azərbaycanın əldə etdiyi Zəfərdən danışıb.
Azmedia.Az xəbər verir ki, 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edildiyi mühüm tarixlərdən biridir.
Azmedia.Az -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb və bununla 44 günlük Vətən müharibəsi başlanıb.
Deputat qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində böyük qəhrəmanlıq və fədakarlıq göstərərək işğal altında olan ərazilərin azad olunması uğrunda mübarizə aparıb. Onun sözlərinə görə, ordunun şəxsi heyəti ilə yanaşı, arxa cəbhədə Azərbaycan xalqı da böyük həmrəylik nümayiş etdirib.
C.Məmmədov vurğulayıb ki, Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticələrlə başa çatıb. Onun sözlərinə görə, bu Qələbə xalqın yaddaşında birlik və milli həmrəyliyin rəmzi kimi qalıb.
Deputat bildirib ki, əldə olunan Zəfərdə ən böyük pay şəhidlərə və qazilərə məxsusdur. O qeyd edib ki, Vətən uğrunda canından keçən şəhidlərin və sağlamlığını itirən qazilərin fədakarlığı heç vaxt unudulmamalıdır.
O xatırladıb ki, şəhidlərin xatirəsinə ehtiramın ifadəsi olaraq Azərbaycan Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si ölkədə Anım Günü elan edilib.
Ceyhun Məmmədov qeyd edib ki, Anım Günü yalnız şəhidlərin yad edilməsi ilə məhdudlaşmır, eyni zamanda onların uğrunda mübarizə apardıqları Vətənin, milli birliyin və azadlığın dəyərini dərk etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal nəticəsində yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb, yaşayış məntəqələri dağıdılıb, ölkənin tarixi və mədəni irsinə ciddi ziyan vurulub. Lakin bütün bunlar Azərbaycan xalqının Vətənə bağlılığını və mübarizə əzmini sındıra bilməyib.
Onun sözlərinə görə, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda baş vermiş Tovuz hadisələri Azərbaycanın öz ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq əzmini nümayiş etdirib.
C.Məmmədov vurğulayıb ki, Vətən müharibəsi xalqın uzun illər davam edən ədalətsizliyə son qoymaq iradəsinin ifadəsi olub. Müharibə günlərində Azərbaycanın müxtəlif ölkələrdə yaşayan soydaşları da ölkəmizlə həmrəylik nümayiş etdiriblər.
Deputat qardaş Türkiyənin Vətən müharibəsinin ilk günlərindən Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi də xüsusi qeyd edib. O bildirib ki, Türkiyənin və türk xalqının bu həmrəyliyi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur.
Ceyhun Məmmədov Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxunub. Bildirib ki, hazırda dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yol və digər infrastruktur layihələri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılır.
Deputatın sözlərinə görə, bu gün əsas vəzifələrdən biri şəhidlərin xatirəsinə layiq olmaq, qazilərə daim ehtiram göstərmək və azad edilmiş ərazilərin gələcəyinə töhfə verməkdir.
“Şəhidlərimizin bizə əmanət etdiyi ən böyük dəyər Vətəndir. Onların həyatını itirməsi gələcək nəsillər üçün böyük məsuliyyət yaradır. Biz bu məsuliyyəti öz fəaliyyətimiz, zəhmətimiz, birlik və həmrəyliyimizlə doğrultmalıyıq”, – deyə Ceyhun Məmmədov bildirib.
O vurğulayıb ki, Vətən yalnız torpaq deyil, onun uğrunda döyüşən, onu qoruyan, yaşadan və gələcək nəsillərə ötürən insanların müqəddəs əmanətidir.
Deputat şəhidlərin qəhrəmanlığının, qazilərin fədakarlığının və xalqın birliyinin Azərbaycan tarixinin şərəfli səhifələrindən olduğunu bildirib.
Ceyhun Məmmədov qeyd edib ki, şəhidlər heç vaxt unudulmayacaq və onların xatirəsi gələcək nəsillərin yaddaşında daim yaşayacaq.
“Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimizə can sağlığı, şəhid ailələrinə səbir arzulayıram. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi daim uca tutulacaq!” – deyə deputat əlavə edib.
Şəlalə Camal
Azmedia.Az


