“Mançester Siti”nin Pep Qvardiola dönəmində qazandığı titullar tarixdən silinəcək?

“Mançester Siti”nin  Pep Qvardiola dönəmində qazandığı titullar tarixdən silinəcək?

"Mançester Siti" ilə bağlı Premyer Liqanın maliyyə qaydalarının pozulması üzrə 115 ittihamdan ibarət işdə mühüm qərar verildiyi bildirilir.

Azmedia.Az xəbər verir ki, The Athletic-in məlumatına əsasən, müstəqil komissiya "Şəhərlilər"i 115 ittihamın 114-ü üzrə təqsirli hesab edib. Klub yalnız bir ittiham üzrə təqsirli bilinməyib. 

Bununla belə, hazırda kluba tətbiq olunacaq sanksiya müəyyən edilməyib. Mümkün cəzalar arasında maliyyə cəriməsi, xal silinməsi və daha ağır idman sanksiyaları, o cümlədən Premyer Liqadan kənarlaşdırılma ehtimalı müzakirə olunur. 

"Mançester Siti"nin qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir. Klub isə verdiyi açıqlamada Premyer Liqadakı prosesin hələ davam etdiyini və tamamlanmalı mühüm mərhələlərin olduğunu bildirib. 

Hazırda inglis təmsilçisinin Premyer Liqadan çıxarılması və ya əvvəlki çempionluq titullarının ləğv edilməsi barədə qərar yoxdur. Titulların taleyi mümkün sanksiyaların müəyyənləşdirilməsindən və apellyasiya prosesindən sonra aydınlaşa bilər. 

Qeyd edək ki, İttihamlar əsasən 2009–2018-ci illəri əhatə edən maliyyə məlumatlarının təqdim edilməsi, sponsorluq gəlirləri, oyunçu və məşqçi ödənişlərinin açıqlanması, maliyyə dayanıqlılığı qaydaları və Premyer Liqanın araşdırması ilə əməkdaşlıq məsələləri ilə bağlıdır. "Mançester Siti" isə ittihamları əvvəldən rədd edib.