Jalə Əliyeva: Silinməz yaddaşımız, dövlətçilik qarşısında məsuliyyətimiz

Jalə Əliyeva: Silinməz yaddaşımız, dövlətçilik qarşısında məsuliyyətimiz

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında dərin iz qoymuş tarixi hadisələri, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın müqəddəs xatirəsini və dövlətçilik qarşısında məsuliyyətimizi bir daha ön plana çıxaran əlamətdar gündür.

Milli Məclisin deputatı Jalə Əliyeva Azmedia.Az-amüsahibəsində bildirib ki, bu tarix yalnız keçmişi xatırlamaq deyil, həm də xalqımızın hansı böyük sınaqlardan keçərək Zəfərə çatdığını dərk etmək, əldə olunan nailiyyətləri qorumağın məsuliyyətini anlamaq baxımından mühüm mənəvi əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, Azərbaycan xalqının Qarabağ münaqişəsi ilə bağlı yaşadığı ağrılar uzun illər ərzində milli yaddaşımızın ayrılmaz hissəsinə çevrilib. Birinci Qarabağ müharibəsində şəhid olan soydaşlarımız, torpaqlarından didərgin düşən yüz minlərlə insan, işğal altında qalan şəhər və kəndlərimiz xalqımızın yaddaşında yalnız faciə kimi deyil, ədalətin bərpası uğrunda mübarizənin mənəvi dayağı kimi yaşayıb.

Onun sözlərinə görə, 27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi bu mübarizənin tarixində yeni mərhələ açıb.

“44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq, peşəkarlıq və yüksək döyüş ruhu xalqımızın milli iradəsinin və dövlətimizin gücünün təcəssümünə çevrildi. Şəhidlərimizin qanı bahasına qazanılan Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələndi. Bu baxımdan Anım Günü həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, həm də Zəfərə aparan yolun dərindən dərk edilməsi günüdür”, – deyə Jalə Əliyeva bildirib.

Deputat vurğulayıb ki, Anım Gününün əsas mesajlarından biri azadlıq və suverenliyin yalnız qazanılmadığı, həm də qorunduğudur.

“Dövlətçilik tariximizin ən mühüm dərslərindən biri milli birliyin, güclü dövlət institutlarının, müasir və qüdrətli ordunun, düşünülmüş xarici siyasətin və vətəndaş həmrəyliyinin dövlətin təhlükəsizliyi üçün nə qədər vacib olmasıdır”, – deyə o qeyd edib.

J.Əliyevanın sözlərinə görə, şəhidlərin qarşısında ən böyük məsuliyyət onların uğrunda can verdiyi dəyərləri gələcək nəsillərə çatdırmaqdır.

“Şəhidlərin əmanəti olan Vətəni daha güclü, daha inkişaf etmiş və daha təhlükəsiz görmək, dövlətçiliyin möhkəmlənməsinə öz töhfəsini vermək hər bir vətəndaşın mənəvi borcudur”, – deyə deputat bildirib.

O əlavə edib ki, xüsusilə gənc nəslin Vətən müharibəsinin tarixini düzgün öyrənməsi, şəhidlərin həyat yolunu tanıması, dövlətçilik və milli həmrəylik dəyərlərini mənimsəməsi mühüm əhəmiyyət daşıyır.

“Yaddaşını qoruyan xalq gələcəyini də daha inamla qurur. Şəhidlərimizin adı məktəblərdə, ailələrdə, kitablarda, sənədlərdə və tarixi yaddaşımızda yaşadıqca onların Vətən qarşısındakı fədakarlığı gələcək nəsillərə mənəvi örnək olacaq”, – deyə Jalə Əliyeva vurğulayıb.

Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də şəhidlərin ruhuna ehtiramın mühüm ifadəsidir.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, insanların öz doğma yurdlarına qayıtması Zəfərin nəticələrinin real həyatda təcəssümüdür.

“Dünən dağıdılmış torpaqlarda bu gün yeni məktəblərin, yaşayış məhəllələrinin, yolların və müasir infrastrukturun yaradılması Azərbaycanın quruculuq iradəsini nümayiş etdirir”, – deyə deputat bildirib.

Jalə Əliyeva diqqətə çatdırıb ki, Anım Gününün mahiyyətində həm də gələcəyə baxış dayanır.

“Şəhidlərimizi yad etmək yalnız onların keçdiyi yolu xatırlamaq deyil, onların uğrunda həyatlarını fəda etdikləri Azərbaycanın gələcəyinə sahib çıxmaqdır. Bu isə hər birimizin üzərinə dövlətə, cəmiyyətə və gələcək nəsillərə qarşı məsuliyyət qoyur”, – deyə o bildirib.

Deputat qeyd edib ki, şəhidlərin müqəddəs xatirəsi daim yaşayacaq və onların adı Azərbaycan tarixinin ən şərəfli səhifələrində əbədi qalacaq.

“27 Sentyabr – Anım Günü bizi keçmişin ağrıları üzərində deyil, həmin ağrılardan doğan milli birlik, güc və Zəfər üzərində düşünməyə çağırır. Bu yaddaş yaşadıqca Vətən sevgisi, dövlətçilik duyğusu və Azərbaycanın müstəqilliyinə bağlılıq da nəsildən-nəslə ötürüləcək”, – deyə Jalə Əliyeva əlavə edib.

Şəlalə Camal
Azmedia.Az