18 Aİ ölkəsi qeyri-qanuni miqrasiyaya qarşı birgə plan razılaşdırıb
Avropa İttifaqının 18 ölkəsinin daxili işlər nazirləri Aİ sərhədlərində qeyri-qanuni miqrasiyanın kəskin artmasının qarşısını almaq üçün birgə fəaliyyət planı razılaşdırıblar.
Azmedia.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, təşəbbüs Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt tərəfindən irəli sürülüb. Planın hazırlanmasına 2026-cı ilin iyul ayının sonunda İspaniyanın Seuta eksklavında baş verən kütləvi miqrasiya böhranı səbəb olub.
Münhendə keçirilən görüşdə razılaşdırılan plan üç əsas istiqaməti əhatə edir.
Birinci istiqamət Aİ sərhədlərində fövqəladə miqrasiya təzyiqinin yarandığı halların vahid qaydalarla müəyyənləşdirilməsini nəzərdə tutur.
İkinci istiqamət böhran vəziyyəti rəsmən elan edildikdə miqrantların mümkün qədər qısa müddətdə ölkədən çıxarılmasına imkan verəcək xüsusi mexanizmin tətbiqidir.
Üçüncü istiqamət isə "Frontex" qüvvələrinin sərhəd bölgələrinə operativ şəkildə yerləşdirilməsidir. Bunun üçün 24 saat ərzində köməyə ehtiyacı olan Aİ ölkəsinə göndərilə biləcək çevik reaksiya bölməsinin yaradılması planlaşdırılır.
"Bild"in məlumatına görə, İspaniya nümayəndələri Münhendə keçirilən görüşdə iştirak etməyib. Qəzet qeyd edib ki, Madrid daha əvvəl Avropa Parlamentində Seutadakı miqrasiya böhranı ilə bağlı keçirilən fövqəladə dinləmələrdə də iştirak etməyib.


