İlham Əliyev və Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər- FOTO/VİDEO
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.
Azmedia.Az xəbər verir ki, sentyabrın 26-da Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı baş tutub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında keçirilən yarışı izləyiblər.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu, yubiley yarışına sentyabrın 24-də start verilib. Builki yarışla əlaqədar paytaxta rekord sayda xarici turist gəlib. Belə ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatına görə, xarici turistlərin sayı 16 mini ötüb.
Yarışda hər biri iki pilotdan ibarət olmaqla 11 komanda mübarizə aparıb.
Qran-Prinin ilk günündə pilotlar iki sərbəst yürüşdə iştirak ediblər. Bu mərhələdə yüksək nəticə göstərən pilotlar daha sonra sıralama turunda mübarizəni davam etdiriblər.
Sıralama turunun nəticələrinə əsasən, “Mercedes” komandasının pilotu Corc Rassel 6 kilometrlik Bakı trekində poul mövqeyinə sahib olub. Bununla da o, əsas yarışa ilk pillədən başlamaq hüququ qazanıb. “Ferrari”nin pilotu Şarl Lekler ikinci, “McLaren” təmsilçisi Oskar Piastri isə üçüncü yerdən start götürüb.
Sentyabrın 26-da keçirilən əsas yarış zamanı pilotlar Bakı şəhər halqasında 2 saat ərzində 51 dövrə vurublar.
Yarışın yekununda “Mercedes” pilotu Corc Rassel finiş xəttini birinci keçərək Azərbaycan Qran-Prisinin qalibi olub. “Red Bull” komandasının pilotu Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan 2016-cı ildən etibarən Formula 1 yarışlarına ev sahibliyi edir. İlk yarış həmin il “Avropa Qran-Prisi” adı ilə keçirilib və “Mercedes” komandasının pilotu Niko Rosberq qalib olub. Növbəti ildən etibarən yarış “Azərbaycan Qran-Prisi” adlandırılıb.


