Anım Günü: Dövlət və hökumət nümayəndələri Bakıdakı Zəfər parkını ziyarət ediblər- FOTO/VİDEO

Anım Günü: Dövlət və hökumət nümayəndələri Bakıdakı Zəfər parkını ziyarət ediblər-

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın dövlət və hökumət rəsmiləri, müxtəlif dövlət qurumlarının rəhbərləri və kollektivləri Bakıdakı Zəfər parkını ziyarət ediblər. 

Azmedia.Az xəbər verir ki, ziyarətlər zamanı Zəfər abidəsinin və memorial kompleksin önünə gül dəstələri, əklillər qoyulub, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova və digər dövlət və hökumət rəsmiləri Zəfər parkında olublar. Onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini anıblar. 

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov, parlamentin komitə sədrləri və deputatlar, həmçinin Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparatın və İşlər İdarəsinin şöbə müdirləri və müavinləri də Zəfər parkını ziyarət ediblər. Milli Məclisin kollektivi Zəfər abidəsinin önünə tər güllər düzərək şəhidlərin xatirəsini ehtiramla yad edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov da Zəfər parkına gedərək memorial kompleksin girişində yerləşən abidənin önünə gül dəstələri qoyublar.

Baş prokuror Kamran Əliyev, onun müavinləri və prokurorluğun rəhbər şəxsləri də Zəfər abidəsini ziyarət edib, xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini anıblar.

Müdafiə naziri Zakir Həsənov, onun müavinləri və rəhbər şəxslər, həmçinin Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, onun müavinləri və nazirliyin rəhbər şəxsləri Zəfər abidəsini ziyarət ediblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti də Zəfər parkındakı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidənin qarşısında şəhidlərin xatirəsini yad ediblər.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkına gələrək 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, xatirə daşının önünə əklil və gül dəstələri qoyub.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbər heyəti də Zəfər parkını ziyarət edib. XİN rəhbərliyi Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edib.

Energetika Nazirliyinin, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbərliyi və kollektivi də Zəfər abidəsini ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

İqtisadiyyat Nazirliyinin kollektivi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, eləcə də digər dövlət qurumlarının nümayəndələri Zəfər parkında olublar. Bundan başqa, Media və Yayım Şurasının rəhbərliyi və kollektivi, həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi Anım Günü ilə əlaqədar parkı ziyarət edib. 

Ziyarətlər zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolu, Vətən qarşısında göstərdikləri fədakarlıq və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir daha dərin ehtiramla yad olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, eləcə də bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.