İlham Əliyev və Şavkat Mirziyoyev Özbəkistanda Azərbaycan layihələrinin açılış və təməlqoyma mərasimində iştirak ediblər- FOTO

İlham Əliyev və Şavkat Mirziyoyev Özbəkistanda Azərbaycan layihələrinin açılış və təməlqoyma mərasimində iştirak ediblər-

Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində yeni layihələrin icrasına başlanılıb. Daşkənddə Azərbaycan şirkətlərinin iştirakı ilə həyata keçirilən bir sıra layihələrin açılışı və yeni obyektlərin təməlqoyma mərasimləri keçirilib.

Azmedia.Az xəbər verir ki, avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.

Mərasim çərçivəsində “Davr Bank”ın (Azərbaycan Beynəlxalq Bankı), “Matanat-A” şirkətinin gips zavodunun, həmçinin “Landau Education Group” tərəfindən “Landau” adına STEAM (Science, Technology, Engineering, and Mathematics) iki məktəbinin açılışı olub.

Bununla yanaşı, SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksinin (“Agalarov Development”), “Baku City” yaşayış kompleksinin (“TuranAZ”), gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin (“Sur Gold and Silver Project”)meyvə bağlarının (“Gold Fresh Fruits”) layihələrinin təməlqoyma mərasimi keçirilib.

Layihələrin müxtəlif iqtisadi və sosial istiqamətləri əhatə etməsi Azərbaycan və Özbəkistan arasında qarşılıqlı faydalı əməkdaşlığın, investisiya tərəfdaşlığının və biznes əlaqələrinin ardıcıl şəkildə inkişaf etdiyini göstərir.

Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi bu təşəbbüslər iki ölkə arasında mövcud strateji tərəfdaşlığın iqtisadi məzmununun daha da zənginləşdirilməsinə, qarşılıqlı investisiyaların təşviqinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir.