Mingəçevirdə qətlə yetirilən qazi onu öldürən şəxsin qızını sevirmiş - FOTO/VİDEO
Mingəçevirdə qətlə yetirilən qazi onu öldürən şəxsin qızını sevirmiş.
Azmedia.Az-a bu barədə Mingəçevirdə qətlə yetirilmiş Zəfər yürüşü iştirakçısı Tural Bəhrəmlinin anası Gülsabah Bəhrəmova danışıb. Onun sözlərinə görə oğlu ilə oğlunu öldürən Rafiq Məmmədovun həmin qızı arasındakı izdivaca narazılığının əsas səbəbi aralarındakı yaş fərqi olub.
“Oğlumun 34 yaşı var idi, qız isə çox gənc idi, 18-19 yaşlarında idi. Ona görə də bu evliliyə razı ola bilmirdim”, – deyə o bildirib.
Gülsabah Bəhrəmova qeyd edib ki, oğlu Vətən müharibəsində Xocavənd və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib, göstərdiyi xidmətlərə görə müxtəlif medallarla təltif olunub.
Ananın sözlərinə görə, Tural Bəhrəmli ailədə və çalışdığı Mingəçevir şəhər 20 saylı tam orta məktəbdə mehribanlığı, istiqanlılığı və zəhmətkeşliyi ilə tanınıb.
“Hadisə baş verən gün axşam saat 9 radələrində evə ərzaq alıb göndərmişdi. Sonra da işlərinin olduğunu dedi. Təxminən bir saat sonra xəbər gəldi ki, Tural xəstəxanaya yerləşdirilib. Tələsik xəstəxanaya çatdıq. Amma artıq gec idi, yazıq balamı itirmişdik”, – deyə o bildirib.
Qeyd edək ki, Tural Bəhrəmli ailənin üç övladından biri olub. Ailədə iki oğul və bir qız övladı var.


