Suraxanıda sakinlərin həyatı çətinləşib: Evlər su altında qalır, əraziyə ilan və həşəratlar gəlir VİDEO

Suraxanıda sakinlərin həyatı çətinləşib: Evlər su altında qalır, əraziyə ilan və həşəratlar gəlir

Suraxanı rayonunun Səttar Bəhlulzadə qəsəbəsində 18 evin sakinləri ərazidə yaranan problemlər səbəbindən təhlükəli şəraitdə yaşadıqlarını bildirirlər.

Azmedia.Az  xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə qrunt sularının üzə çıxması nəticəsində evlərə su dolur, divarlarda çatlar yaranır və yaşayış yerlərində ciddi nəmişlik əmələ gəlir.

Sakinlər bildirirlər ki, xüsusilə yağışlı havalarda ərazidə vəziyyət daha da çətinləşir. Bu zaman gediş-gəliş imkanları məhdudlaşır və ərazidən istifadə etmək çətinləşir.

Vətəndaşların sözlərinə görə, yaranmış vəziyyət səbəbindən bəzi sakinlər evlərini tərk edərək kirayə mənzillərə köçməyə məcbur olublar. Lakin onların sözlərinə görə, kirayə haqqını ödəmək də əlavə çətinlik yaradır.

Sakinlər ərazidəki qamışlığın da problemin başqa bir tərəfi olduğunu qeyd edirlər. Onların sözlərinə görə, qamışlıq səbəbindən həşərat, ilan və digər sürünənlər evlərin yaxınlığına qədər gəlir.

Bundan başqa, sakinlər tərk edilmiş bəzi evlərə tanımadıqları şəxslərin daxil olduğunu və həmin şəxslərin gecələdiyini bildirirlər. Bu vəziyyətin ərazidə yaşayan vətəndaşlar arasında narahatlıq yaratdığı qeyd olunur.

Sakinlər yaranmış problemlərin aradan qaldırılması və ərazidə təhlükəsiz yaşayış şəraitinin təmin olunması üçün aidiyyəti qurumlardan tədbir görülməsini istəyirlər.

///baku.tv