“Əsrin müqaviləsi”nin 32-ci ildönümüdür – Bu tarix Neftçilər Günü kimi də qeyd olunur

“Əsrin müqaviləsi”nin 32-ci ildönümüdür – Bu tarix Neftçilər Günü kimi də qeyd olunur

Bu gün Azərbaycanın neft-qaz tarixində mühüm hadisələrdən birinin ildönümüdür.

Azmedia.Az xəbər verir ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü kimi qeyd olunur.

Eyni zamanda, sentyabrın 20-si neft-qaz sahəsində çalışanların peşə bayramı – Neftçilər Günü olaraq qeyd edilir. 

Neftçilər Gününün peşə bayramı kimi qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Bu tarixdə neft sənayesində əldə olunan nəticələr və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmçinin sahənin inkişafında xüsusi xidmətləri və fədakarlığı ilə seçilən fəhlə və mütəxəssislər dövlət başçısının fərman və sərəncamları əsasında fəxri ad, orden və medallarla təltif olunurlar. 

Sentyabrın 20-nin neft-qaz sektorunda çalışanların peşə bayramı kimi qeyd olunması isə 1994-cü il sentyabrın 20-də Bakıda AÇG yataqlarının birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 xarici neft şirkəti arasında müqavilənin imzalanması ilə əlaqədardır.

İlkin olaraq 30 il müddətinə imzalanan AÇG sazişi 12 dekabr 1994-cü ildə Milli Məclis tərəfindən qəbul edilib və 14 dekabr 1994-cü ildə qüvvəyə minib.

Saziş keçmiş Sovet İttifaqına daxil olan ölkələrdən birinə Qərbin transmilli şirkətləri tərəfindən yatırılmış ilk böyük investisiya olub və tarixə “Əsrin müqaviləsi” adı ilə düşüb.