“Aşk-ı Memnu”nun məşhur aktrisası Gülsen Tuncer vəfat edib
Türkiyənin tanınmış teatr, kino və televiziya aktrisası Gülsen Tuncer 81 yaşında vəfat edib.
Azmedia.Az xəbər verir ki, “Aşk-ı Memnu” serialında Arsen Ziyagil obrazını canlandıran usta sənətçi Gülsen Tuncer həyatını itirib.
Birsen Altuntaşın yaydığı məlumata görə, Gülsen Tuncer aktrisalığı ilə yanaşı, səsləndirmə sənətçisi, söz yazarı, bəstəkar, sənət rəhbəri və akademik kimi də fəaliyyət göstərib.
81 yaşlı sənətçinin beyin xərçəngi ilə bağlı müalicə aldığı bildirilib. Film-San Vəqfi daha əvvəl Gülsen Tuncerin xəstəliyinin dördüncü mərhələsində olduğunu açıqlamışdı.
Qeyd edək ki, Gülsen Tuncer 1945-ci ildə Türkiyənin Adana şəhərində anadan olub. İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsini bitirib. O, Yıldız Kenter və Ayla Algan kimi tanınmış sənətkarlardan təhsil alıb.
Tuncer peşəkar teatr fəaliyyətinə 1968-ci ildə Gülriz Sururi-Engin Cezzar Teatrında səhnələşdirilən “Zilli Zarife” tamaşası ilə başlayıb.
Sənətçi teatrla yanaşı, kino və televiziya sahəsində də çoxsaylı layihələrdə iştirak edib. O, təxminən 40 filmdə rejissor köməkçisi və assistent kimi fəaliyyət göstərib.
Gülsen Tuncer xüsusilə “Aşk-ı Memnu” serialında canlandırdığı Arsen Ziyagil obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
Sənətçinin “Soğuktu ve Yağmur Çiseliyordu” (1991) və “Bir Tren Yolculuğu” (1988) kimi ekran əsərlərindəki rolları da diqqət çəkib. O, müxtəlif festivallarda “Ən yaxşı ikinci plan qadın aktrisa” nominasiyasında mükafatlara layiq görülüb.


