Tramp Qrenlandiya ilə bağlı ABŞ və Danimarka arasında razılaşma əldə edildiyini açıqladı
ABŞ Prezidenti Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Trampın sözlərinə görə, əldə olunan razılaşma Vaşinqtona Qrenlandiyada təhlükəsizlik və digər ehtiyaclarla bağlı daha geniş imkanlar yaradacaq.
Azmedia.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin olunması ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsini nəzərdə tutan razılaşma əldə etdiyini bildirib.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti yazıb ki, Birləşmiş Ştatların Qrenlandiyada təhlükəsizlik və digər ehtiyaclara daimi nəzarət həyata keçirməsinə imkan verən razılaşma Danimarka Krallığı və Qrenlandiya ilə əldə olunub.
Ağ Ev rəhbəri qeyd edib ki, Vaşinqton Qrenlandiyanın və ABŞ-nin təhlükəsizliyini təmin etmək məqsədilə adada “lazım olan hər şeyi” etmək imkanına sahib olacaq.
Trampın sözlərinə görə, razılaşmaya əsasən Qrenlandiyada istənilən hərbi mövcudluq və ya investisiya Vaşinqtonun “yazılı razılığı” ilə həyata keçirilməlidir.
ABŞ Prezidenti, həmçinin Qrenlandiyanın müvafiq hissəsində genişmiqyaslı hərbi mövcudluğun yaradılması prosesinə dərhal başlanılacağını bildirib.


