20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur
20 sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir.
Azmedia.Az xəbər verir ki, 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.
Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü ildə imzaladığı Sərəncama əsasən, hər il 20 sentyabr bu şəhərlərin günü kimi qeyd olunur.
Üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda baş verən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, eləcə də bərpa-quruculuq işlərinə cəlb olunan mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa olunması da tədbirlərin əsas məqsədləri sırasında olub.
2023-cü il sentyabrın 19-da təxminən saat 13:00 radələrində başlayan antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.
2023-cü il sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Bununla da “Dağlıq Qarabağ respublikası” öz mövcudluğuna son qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Xocalının Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində və Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.


